Mingəçevirdə baş vermiş faciə – cəmiyyət olaraq harada səhv edirik?

Mingəçevirdə baş vermiş faciə – cəmiyyət olaraq harada səhv edirik?

 

 

Mingəçevirdə 17 yaşlı bir gəncin 15 yaşlı yeniyetmə tərəfindən qətlə yetirilməsi xəbərini dərin üzüntü ilə qarşıladım. Məlumatlara görə, hadisədən əvvəl uşaqlar çayxanada birlikdə olub və qətl törədən yeniyetmə müəllim ailəsinin övladıdır. Bu fakt yalnız bir ailənin deyil, bütövlükdə cəmiyyətimizin hansı boşluqlarla üz-üzə qaldığını açıq şəkildə göstərir.

 

Bu gün hamımızın cavab verməli olduğu sual budur: nə üçün yeniyetmə yaşda uşaqlar bu qədər aqressiv, nə üçün emosiyalarını idarə edə bilmir, nə üçün bu yaşda “çayxana mədəniyyəti” onların gündəlik həyatının bir hissəsinə çevrilir?

 

1. Məktəblərdə psixoloji xidmət real işləməlidir

 

Biz çox vaxt “məktəbdə psixoloq var” deyə düşünürük, amma gerçək vəziyyət belə deyil. Psixoloji xidmət formal olaraq mövcuddur, amma işlək deyil. Yeniyetmələrin aqressiyası, emosional gərginliyi, ziddiyyətləri, ailə içi problemləri – hamısı üzdədir, amma onları dinləyən, yönləndirən, davranış risklərini erkən mərhələdə görən mexanizmlər faktiki olaraq yoxdur.

 

Psixoloq kabineti kağız üzərində yox, həyatın içində olmalıdır. Peşəkarlar məktəblərdə aktiv işləməli, fərdi görüşlər keçirməli, riskli davranış modellərini zamanında aşkarlamalıdır.

 

2. Valideyn nəzarəti artıq lüks deyil – zərurətdir

 

Valideynlərin ən böyük səhvi “uşaq onsuz da böyüyüb” düşüncəsidir. Biz 15-17 yaşlı yeniyetmələri nəzarətsiz buraxdıqca onlar mühitin diktəsi ilə formalaşır. Çayxanaların, küçə söhbətlərinin, sosial şəbəkədə aqressiyanın təsiri altında böyüyən bir gəncin emosional stabilliyi pozulması təəccüblü deyil.

 

Valideyn bilməlidir:

• övladı hara gedir,

• kimlərlə vaxt keçirir,

• hansı emosional durumda yaşayır,

• hansı problemlərlə üzləşir.

 

Nəzarətsiz buraxılan yeniyetmə həm özü, həm də ətraf üçün təhlükəyə çevrilə bilər – Mingəçevirdə yaşadığımız kimi.

 

3. Müəllim ailəsində böyümək təhlükəsizlik zəmanəti deyil

 

Cəmiyyətimizdə belə bir yanlış düşüncə var: “müəllim övladı tərbiyəli olar”. Bu hadisə göstərir ki, peşə deyil, yanaşma tərbiyə yaradır. Əgər evdə emosional nəzarət, dialoq, övladın psixoloji vəziyyətinə diqqət yoxdursa, heç bir status uşağı aqressiyadan qoruyub saxlaya bilmir.

 

Biz müəllim ailələrini daha məsuliyyətli olmağa çağırmalıyıq. Çünki cəmiyyət onlardan nümunə gözləyir.

 

4. Cəmiyyətin aqressiya problemi – hamımızın üzərinə düşən məsuliyyət

 

Son illər həm sosial şəbəkələrdə, həm real həyatda aqressiyanın davamlı artdığını görürük. Gənclər problemi danışaraq həll etməyi yox, emosiyanı zorla çıxarmağı öyrənir. Bu, təkcə təhsil sisteminin yox, bütün cəmiyyətin problemidir.

 

Baş verən faciə bir ailənin dərdi deyil – bir sistemin zəifliyinin göstəricisidir. Biz psixoloji xidmətləri gücləndirməsək, valideyn məsuliyyətini artırmasaq, yeniyetmələrin mühitini sağlamlaşdırmasaq, bu kimi hadisələr təəssüf ki, təkrarlanacaq.

 

Gənclərimizi itirməməyin yolu böyüklərin məsuliyyəti ilə başlayır.

Oxşar xəbərlər