Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və müasir tədris yanaşmalarının tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən metodiki seminarlar uğurla davam etdirilir. Bu istiqamətdə təşkil olunan növbəti maarifləndirici tədbir “Şəxsiyyətin formalaşmasında mütaliənin rolu” mövzusuna həsr olunub.
28 aprel 2026-cı il tarixində onlayn formatda keçirilən seminar müəllimlər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı şagirdlərdə oxuyub-anlama bacarığının formalaşdırılması, onların yaş və fərdi xüsusiyyətlərinə uyğun kitabların düzgün seçilməsi, mütaliəyə marağın artırılması və davamlı oxu vərdişlərinin inkişaf etdirilməsi istiqamətində mühüm metodiki yanaşmalar ətrafında geniş müzakirələr aparılıb.
Seminarda kitab oxumağın yalnız bilik qazanmaq vasitəsi deyil, eyni zamanda şəxsiyyətin formalaşmasına, dünyagörüşünün genişlənməsinə, nitq mədəniyyətinin zənginləşməsinə, tənqidi və yaradıcı təfəəkkürün inkişafına mühüm təsir göstərdiyi xüsusi vurğulanıb. Bildirilib ki, erkən yaşlardan şagirdlərdə oxu sevgisinin formalaşdırılması onların gələcək akademik uğurlarında və sosial inkişafında mühüm rol oynayır.
Tədbirdə region üzrə ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri olmaqla ümumilikdə 86 nəfər iştirak edib. Müəllimlər seminar çərçivəsində təcrübə mübadiləsi aparıb, praktik nümunələrlə tanış olub və gələcək fəaliyyətlərində tətbiq edə biləcəkləri yeni metodik tövsiyələr əldə ediblər.
Qazax–Tovuz Regional Təhsil İdarəsinin təşkil etdiyi bu cür seminarlar bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin peşəkar inkişafına və şagirdlərin hərtərəfli formalaşmasına mühüm töhfə verir.
Qeyd edək ki, tədris ilinin sonunadək bu istiqamətdə metodiki seminarların davamlı şəkildə təşkili nəzərdə tutulur. Bu isə müəllimlərin bilik və bacarıqlarının daha da artırılması, müasir təhsil çağırışlarına uyğun yeniliklərin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.