Tovuzda nümunəvi məktəb: Naiq Yusifov adına təhsil ocağında uğurlar artır

Tovuzda nümunəvi məktəb: Naiq Yusifov adına təhsil ocağında uğurlar artır

Əməkdaşlarımız Tovuz rayonu Naiq Yusifov adına Ağdam kənd tam orta ümumtəhsil məktəbində .olublar və məktəbin fəaliyyəti ilə yaxından tanış olublar.

Məktəb zəngin tarixə malik təhsil ocaqlarından biridir. Təhsil müəssisəsi 1928-ci ildən etibarən yeddillik məktəb kimi fəaliyyətə başlamış, 1976-cı ildən isə orta məktəb statusu alaraq regionun təhsil həyatında mühüm rol oynamağa başlamışdır. Hazırda məktəb üç korpuslu binadan ibarətdir. Bu binalar müxtəlif illərdə – 1976, 1990 və 2004-cü illərdə tikilərək istifadəyə verilmişdir. 1992-ci ildən etibarən məktəb Azərbaycanın Milli Qəhrəmanı Naiq Nəsir oğlu Yusifovun adını daşıyır. Bu ad məktəbin müəllim və şagird kollektivi üçün böyük qürur və məsuliyyət mənbəyidir.

2004-cü ildə məktəb əsaslı şəkildə təmir olunmuş, maddi-texniki bazası yenilənmiş və şagirdlərin daha yaxşı şəraitdə təhsil alması üçün lazımi imkanlar yaradılmışdır.

Məktəb 264 şagird yerlik olsa da, hazırda burada 185 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 23 nəfər müəllim heyəti məşğul olur. Bundan əlavə, məktəbin gündəlik fəaliyyətinin təşkilində 13 nəfər texniki işçi də öz əməyini əsirgəmir. Bu kollektivin birgə fəaliyyəti nəticəsində məktəbdə sağlam təhsil mühiti formalaşmışdır.

Məktəbin bütün uğurlarından ətraflı danışmaq uzun vaxt tələb edər. Lakin qısa olaraq qeyd etmək olar ki, burada gələcəyimiz olan gənclərin erkən yaşlarından yüksək səviyyədə bilik və bacarıqlara yiyələnməsi, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişməsi üçün müəllim kollektivi böyük səylə çalışır. Ömrünü bu şərəfli peşəyə həsr edən müəllimlərin zəhməti nəticəsində məktəbin şagirdləri həm təhsildə, həm də ictimai fəaliyyətlərdə fəallıq göstərirlər.

2023-cü ildən məktəbə rəhbərlik edən direktor Musayev İlhaməddin Fərhad oğlu qısa müddət ərzində təhsil ocağında bir sıra müsbət yeniliklərin həyata keçirilməsinə nail olmuşdur. Onun rəhbərliyi dövründə məktəbdə tədris prosesinin daha səmərəli təşkili, müəllim-şagird münasibətlərinin möhkəmləndirilməsi, valideynlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Direktorun təşəbbüsü ilə məktəbdə təhsil keyfiyyətinin artırılması məqsədilə müxtəlif maarifləndirici tədbirlər, görüşlər və motivasiya xarakterli layihələr həyata keçirilir.

Məktəbdə tədris prosesi yüksək səviyyədə təşkil olunur. Sinif otaqlarına daxil olarkən nizam-intizamlı və fəal şagird kollektivi, eləcə də işinə məsuliyyətlə yanaşan müəllim heyəti diqqəti cəlb edir. Məktəb rəhbərliyinin tətbiq etdiyi və “qızıl üçbucaq” adlandırılan sistem isə xüsusi maraq doğurur. Bu sistem məktəb, müəllim və valideyn arasında sıx əməkdaşlığa əsaslanır.

Sistemə əsasən, məktəb rəhbərliyinin təşəbbüsü ilə valideynlər dərs prosesində iştirak edə bilir, şagirdlərin təhsil səviyyəsi və dərsə münasibəti ilə yaxından tanış olurlar. Bu yanaşma şagirdlərin məsuliyyət hissini artırır, valideyn nəzarətini gücləndirir və ümumilikdə təhsilə daha sağlam yanaşmanın formalaşmasına səbəb olur. Nəticədə şagirdlər imtahanlara hazırlaşarkən daha az psixoloji gərginlik yaşayır və öz biliklərini daha rahat şəkildə nümayiş etdirə bilirlər.

Direktor İlhaməddin müəllimin təşəbbüsü ilə məktəbin əvvəlki illərdə uğur qazanmış məzunları da tez-tez məktəbə dəvət olunur. Bu görüşlər zamanı hazırda ali məktəblərdə təhsil alan gənclər öz təcrübələrini şagirdlərlə bölüşür, təhsilin onların həyatında necə mühüm rol oynadığını izah edirlər. Belə görüşlər şagirdlər üçün güclü motivasiya mənbəyi olmaqla yanaşı, onların gələcək məqsədlərini müəyyənləşdirməsinə də kömək edir.

Məktəbin şagirdləri hər il bilik yarışlarında, müxtəlif olimpiada və müsabiqələrdə uğurla iştirak edir, məzunlar isə yüksək ballarla respublikanın müxtəlif ali məktəblərinə qəbul olurlar.

İdman sahəsində də məktəbin şagirdləri fəallıq göstərirlər. Bu il məktəbin idmançı şagirdləri iştirak etdikləri yarışlarda uğurlu nəticələr əldə edərək medal, fəxri fərman və diplomlarla təltif olunublar. Həmçinin məktəbin komandası 2023–2024-cü tədris ilində keçirilən mini-futbol yarışlarında rayon üçüncüsü olmuşdur ki, bu da məktəb üçün əhəmiyyətli nailiyyətlərdən biridir.

Ötən ilin nəticələrinə nəzər saldıqda 8 məzundan 3 nəfərinin universitetlərə, 1 nəfərinin Dövlət Sərhəd Xidməti Akademiyasına, 3 nəfərinin isə kolleclərə qəbul olunduğunu görürük. Bu göstəricilər məktəbdə aparılan təhsil və tərbiyə işinin müsbət nəticəsi kimi qiymətləndirilir.

Müsahibimiz Musayev İlhaməddin qeyd etdi ki, təhsil sahəsində əldə olunan uğurlarda dövlət dəstəyi xüsusi rol oynayır. Onun sözlərinə görə, ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğı region məktəblərinin inkişafına mühüm töhfə verir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil proqramlarının təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları bu sahənin inkişafını sürətləndirir.

Direktor həmçinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, idarə tərəfindən göstərilən metodiki və təşkilati dəstək məktəbin fəaliyyətinin daha səmərəli qurulmasına kömək edir. İdarənin mütəmadi nəzarəti, tövsiyələri və dəstəyi sayəsində yaranan çətinliklər operativ şəkildə həll olunur, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni imkanlar yaranır.

Sonda çəkiliş üçün şərait yaratdığına görə Kristal TV olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Əziz izləyicilər, bu məktəb haqqında daha çox danışmaq mümkündür. Lakin ən yaxşısı, sizin üçün hazırladığımız video reportajı yaxın günlərdə izləməyinizdir.


Oxşar xəbərlər