Gələcəyimiz olan uşaqların keyfiyyətli tərbiyə və təhsil almaları, onların hərtərəfli qayğı ilə əhatə olunmaları, böyüməkdə olan nəslin sağlam, bilikli və layiqli vətəndaş kimi formalaşması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biridir. Xüsusilə məktəbəqədər təhsilin inkişafı, uşaq bağçalarında müasir və təhlükəsiz mühitin yaradılması, körpələrin fiziki və mənəvi inkişafının təmin olunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Uşaqların gələcək inkişafının ilkin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulduğundan, bu sahəyə göstərilən dövlət qayğısı xüsusi əhəmiyyət daşıyır. Tovuz rayonu Kovlyar şəhər 1 saylı körpələr evi–uşaq bağçasında yaradılan şərait və burada təşkil olunan təlim-tərbiyə prosesi də dövlətin uşaqlara olan diqqət və qayğısının bariz nümunəsidir.
Qeyd edək ki, Tovuz rayonu Kovlyar şəhər 1 saylı körpələr evi–uşaq bağçası 1985-ci ildən fəaliyyət göstərir. Müəssisə 3 qrupdan ibarət olmaqla 55 yerlikdir. Bağçada körpələrin təlim-tərbiyəsi ilə 6 tərbiyəçi-müəllim məşğul olur. Eyni zamanda burada 1 tibb bacısı və 1 musiqi müəllimi fəaliyyət göstərir ki, bu da uşaqların sağlamlığının qorunmasına, onların estetik zövqünün və yaradıcılıq bacarıqlarının inkişafına xidmət edir.
Bağçada uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla təlim-tərbiyə prosesi müasir metodlar əsasında təşkil olunur. Körpələrin fiziki, əqli və mənəvi inkişafı üçün zəruri şərait yaradılıb, gün rejimi düzgün və məqsədyönlü şəkildə qurulub. Xüsusi diqqət uşaqların sağlam qidalanmasına yönəldilib. Belə ki, bağçada körpələr sağlam və təbii qidalarla təmin olunur ki, bu da onların sağlam böyüməsində mühüm rol oynayır.
Müəssisədə yaradılan şərait, peşəkar pedaqoji kollektivin fəaliyyəti və dövlət tərəfindən göstərilən davamlı dəstək valideynlərin də razılığına səbəb olur. Valideynlər uşaqlarının təhlükəsiz, qayğıkeş və sağlam mühitdə tərbiyə almasını yüksək qiymətləndirirlər.
Qeyd edək ki, Tovuz rayonu Kovlyar şəhər 1 saylı körpələr evi–uşaq bağçasına 2019-cu ildən rəhbərlik edən Məmmədova Aynurə Cavanşir qızı əməkdaşlarımızla söhbət zamanı dövlət qayğısının məktəbəqədər təhsilin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. Aynurə xanım Qazax–Tovuz Regional Təhsil İdarəsi tərəfindən göstərilən dəstək və verilən tapşırıqların bağçanın fəaliyyətinin daha da təkmilləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib.
Bağçada bayram və əlamətdar günlərdə uşaqlar üçün xüsusi səhnəciklər və tamaşalar hazırlanır ki, bu da onların həm əylənməsinə, həm də maariflənməsinə şərait yaradır, uşaqlarda sosial bacarıqların formalaşmasına müsbət təsir göstərir.
Sonda Kristal Tv olaraq çəkilişlərimizin həyata keçirilməsinə göstərilən dəstəyə görə Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk.