Regional Təhsil İdarələrinin yaradılması və fəaliyyəti təhsilin idarəetmə mexanizmlərinin mərkəzləşmiş yox, daha çevik və yerində qərarvermə prinsipi ilə qurulmasına xidmət edir. Bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, məktəblərin problemləri mərkəzdən deyil, birbaşa regiondan görülür və operativ reaksiya imkanı yaranır.
Müsbət tərəf ondan ibarətdir ki, son illər məktəblərlə idarələr arasında əlaqə daha sistemli hala gəlib, hesabatlılıq və nəzarət mexanizmləri formalaşıb, bir çox texniki və inzibati məsələ daha qısa zamanda həll olunur. Xüsusilə kadr məsələləri, məktəb direktorlarının fəaliyyəti, müəllimlərin iş yükü və şagird kontingenti ilə bağlı qərarlarda əvvəlki illərlə müqayisədə daha nizamlı yanaşma görünür.
Amma reallığı da etiraf etməliyik ki, Regional Təhsil İdarələrinin fəaliyyəti regiondan-regiona eyni səviyyədə deyil. Bəzi idarələr təhsili inkişaf etdirən, məktəblərə dəstək olan struktur kimi çıxış edir, bəzilərində isə hələ də köhnə idarəçilik vərdişləri, formal yanaşmalar və həddindən artıq bürokratiya qalmaqdadır. Bu isə məktəblərdə təşəbbüskarlığı azaldır, müəllim və direktorların motivasiyasına mənfi təsir göstərir.
Düşünürəm ki, Regional Təhsil İdarələrinin fəaliyyətinin effektivliyi daha çox kadr seçiminin keyfiyyətindən, idarəçilərin pedaqoji və idarəetmə baxışından asılıdır. Əsas məqsəd nəzarət etmək yox, məktəbi inkişaf etdirmək, müəllimi qorumaq və şagirdin maraqlarını ön plana çəkmək olmalıdır. Bu yanaşma gücləndikcə Regional Təhsil İdarələri təhsildə real dəyişiklik yaradan əsas strukturlardan birinə çevrilə bilər.