“Azərbaycan müəllimi tanıyaq, tanıdaq!”

“Azərbaycan müəllimi tanıyaq, tanıdaq!”

Azərbaycan təhsilinin inkişafında fədakarlıqla çalışan müəllimlərdən biri də Abbasova Amaliya Nazim qızıdır. Uzun illərdir təhsil sahəsində fəaliyyət göstərən Amaliya müəllimə elmə və biliyə olan sevgisi, şagirdlərə göstərdiyi diqqət və qayğı ilə seçilir.

1987-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olan Amaliya Abbasova 2005-ci ildə Gəncə Dövlət Universitetinin “Riyaziyyat və informatika” ixtisasına qəbul olunub. 2010-cu ildə ali təhsilini başa vurduqdan sonra təyinatla Tovuz rayonunun Quşçu Qaralar kənd ümumi orta təhsil məktəbində pedaqoji fəaliyyətə başlayıb.

2014-cü ildən etibarən Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində informatika müəllimi kimi çalışan Amaliya müəllimə şagirdlərin müasir biliklərə yiyələnməsinə, texnoloji bacarıqlarının inkişafına xüsusi önəm verib. Onun üçün müəllimlik yalnız dərs demək deyil, eyni zamanda şagirdlərin şəxsiyyət kimi formalaşmasına töhfə verməkdir.

2022-ci ildə Direktorların işə qəbulu imtahanında uğurla iştirak edən Amaliya Abbasova test və müsahibə mərhələlərini keçərək Tovuz rayonunun Səfərli kənd tam orta ümumtəhsil məktəbinə direktor vəzifəsinə təyin olunub. Bu dövrdə məktəbdə idarəetmənin təkmilləşdirilməsi, təlim-tədris mühitinin sağlamlaşdırılması və müəllim–şagird münasibətlərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Hazırda isə Amaliya müəllimə F. Hüseynov adına Qaraxanlı kənd tam orta ümumtəhsil məktəbində məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifəsində fəaliyyətini davam etdirir. O, şagirdlərin sosial fəallığının artırılması, vətənpərvərlik ruhunda tərbiyə olunması və yaradıcı potensiallarının üzə çıxarılması üçün müxtəlif təşəbbüslərlə çıxış edir.

Amaliya Abbasova Azərbaycan dövlətinin təhsil sahəsində həyata keçirdiyi islahatları, layihələri və yaradılan şəraiti yüksək qiymətləndirir. O bildirir ki, müəllimlər üçün formalaşdırılan bu imkanlar daha məsuliyyətlə çalışmaq, innovativ layihələr üzərində işləmək və təhsilə töhfə vermək üçün geniş zəmin yaradır. Amaliya müəllimə fəaliyyətinin əsas məqsədini elmə xidmət, gənc nəslin inkişafı və vətənə layiqli xidmət kimi dəyərləndirir.

“Kristal TV” olaraq Amaliya Abbasovaya şərəfli pedaqoji yolunda uğurlar, həyata keçirdiyi və gələcəkdə reallaşdıracağı layihələrdə davamlı nailiyyətlər arzulayırıq.


Oxşar xəbərlər