Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı bayram festivalı keçirilib.
Paytaxtdakı 229 nömrəli tam orta məktəbdə təşkil olunan festivalda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, millət vəkilləri Sadiq Qurbanov, Məlahət İbrahimqızı, İltizam Yusifov, Könül Nurullayeva, Səbinə Xasayeva, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini Kamran İsmayılov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, şair Baba Vəziroğlu, BŞTİ-nin struktur bölmə rəhbərləri, Nizami Rayonu İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.Öncə qonaqlar festival çərçivəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Daha sonra Novruz adət-ənənələrini canlandıran və müxtəlif bölgələrimizi tərənnüm edən guşələrə baxış keçirilib.
Sonda məktəbin həyətində bayram tonqalı qalanıb və qonaqlar şagirdlərlə birgə “Cəngi” sədaları altında dövrə vurublar.