2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır.
"Kristal Tv" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün tam bərpa olunduğu 2023-cü ilin ölkəmizin tarixində bütün sahələrdə nailiyyətlər ili kimi qalacağı və bu tarixi qələbə ilə böyük hərflərlə yeni bir tarix yazan Azərbaycanın 30 ildən çox bir müddət ərzində işğalda qalan Ağdərə, Sərsəng su anbarı, Xocalı, Əsgəran, Xankəndi, Xocavənd, Şuşanın Malıbəyli kəndi, Kərkicahan qəsəbəsi və bu ərazilərdəki avtomobil yollarının işğaldan azad edildiyini qeyd edən S.Məmmədov bildirilib ki, Prezidentin Sərəncamları ilə 2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına da artıq başlanılıb.
O, həmçinin deyib ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib. Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Agentlik bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır.