Bəzi müəssisələr bayram günlərində əməkdaşları işə cəlb edir. Bu qərar rəhbəliklə işçi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir. Belə olduqda həmin işçiyə əməkhaqqının hansı qaydada ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır.
Məlumata əsasən, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, belə hallarda Əmək Məcəlləsinə əsasən işçiyə ikiqat əməkhaqqı verilməsi nəzərdə tutulub:
“Bayram günlərində və digər qeyri-iş günlərində işləyən işçiyə ikiqat əməkhaqqı hesablanır. Bu Əmək Məcəlləsində öz əksini tapıb. Əvvəllər bununla bağlı həmkarlar ittifaqının razılığı lazım idi, indi isə bir çox qurumda həmkarlar ittifaqı olmadığı üçün buna ehtiyac yoxdur. İşçinin könüllü razılığı ilə o bayram günlərində işə cəlb olunur və ona maaşın ikiqatı ödəniş olunur”.
Hüquqşünas həmçinin bu qaydanı tətbiq etməyən müəssisələrin Əmək Məcəlləsinin tələblərini pozduğunu qeyd edib: “İş növbəlidirsə, ikiqat hesablanma tətbiq olunmur. Bu işçi və işəgötürən arasında imzalanan əmək müqaviləsində də öz əksini tapır. Ancaq iş növbəli deyilsə və əmək müqaviləsində nəzərdə tutulmayıbsa, lakin həmin vaxtın tələbinə uyğun olaraq işçi növbəyə cəlb olunursa, o zaman ikiqat hesablanır. Bu cür hallar qarşılıqlı razılaşma ilə həll olunur. Birmənalı olaraq müəssisə əgər bayram günlərində işləyən işçilərinə ikiqat əməkhaqqı verilməsini təmin etmirsə, Əmək Məcəlləsinin tələblərini pozmuş olur”.