Bu gün “Elm Günü”dür

Bu gün “Elm Günü”dür

Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin bariz nümunələrindən biridir.

Məlumata görə, ölkəmizdə Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Akademiyanın sürətli inkişaf mərhələsi Ulu Öndərin adı ilə bağlıdır. Onun diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynayıb. Akademiyanın keçdiyi çətin və şərəfli yol elmimizin inkişafının böyük bir tarixi mərhələsi olmaqla yanaşı, ölkəmizin tərəqqisində elmin, alim sözünün, ziyalı mövqeyinin geniş imkanlara malik olduğunu nümayiş etdirən elmi-ictimai hərəkatın, mədəni-texniki proseslərin də mühüm bir göstəricisidir.

Oxşar xəbərlər