Əmrah Həsənli: “Hesabat yoxdursa, müəllimi günahlandırmaq hüququnuz yoxdur!”

Əmrah Həsənli: “Hesabat yoxdursa, müəllimi günahlandırmaq hüququnuz yoxdur!”

Son günlər Azərbaycan təhsil ictimaiyyəti növbəti dəfə ciddi bir narahatlıqla çalxalanır. Söhbət 2024–2025-ci tədris ili üzrə keçirilmiş sertifikasiya imtahanlarından və bu imtahanların nəticələrinin doğurduğu rezonansdan gedir. Minlərlə müəllimin haqlı suallar doğuran etirazları, sosial şəbəkələrdə yayılan nümunələr, bəzi namizədlərin qeyri-adi şəkildə yüksək nəticələr əldə etməsi – bunlar artıq sadəcə fərdi narazılıq deyil, sistemin özündə formalaşmış bir etimad böhranının göstəricisidir.

Mövzu ilə bağlı Kristal.tv-yə açıqlamasında təhsil eksperti Əmrah Həsənli deyib ki, sertifikasiya prosesi ideya olaraq doğru və zəruri bir mexanizmdir. Amma təəssüf ki, onun tətbiqi — necə deyərlər — “niyyət xeyir, nəticə ziyan” formatına çevrilməkdədir:

"Əgər bu imtahanlarda nəticələrə müdaxilə olunubsa, bəzi şəxslərə əvvəlcədən suallar təqdim edilibsə və ya hansısa formada güzəşt mexanizmləri qurulubsa, bu artıq sadəcə texniki nöqsan deyil — təhsildə ədalətə birbaşa zərbədir.

Bu etirazlar içərisində narahatlıq doğuran başqa bir detal isə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəsmi mövqeyidir. Agentliyin mətbuat katibi Zenfira Sevdimalının sosial media üzərindən verdiyi açıqlama — yəni bu qədər etirazın və faktların fonunda ictimai narazılığı “fake news” adlandırması — artıq vəziyyətin nə qədər yanlış idarə olunduğunu göstərir.

 

Bu, müəllimlərin kollektiv vicdan səsinə çevrilmiş haqlı narahatlığıdır. Onlar bu sualları nə pafos üçün, nə də emosional təpkilər üçün səsləndirirlər. Onlar illərini təhsilə vermiş, özünü peşəsinə həsr etmiş müəllimlərdir. Onların imtahan nəticələrində gördükləri uyğunsuzluqları dilə gətirməsi bu sistemə olan ümidlərinin səsinə çevrilmişdir".

 

O qeyd edib ki, agentliyin və onun sözçüsünün bu narahatlıqları cavablandırmaq yerinə kiçiltməyə çalışması isə təəssüf ki, bir idarəçilik böhranıdır:

"Bizə lazım olan “yalandır, inanmayın” deyil — araşdırmadır, açıqlamadır, hesabatdır.

Bu qədər müəllim yanılır, böhtan atır, yoxsa bir sistem sükuta qərq olub?

Əgər bu qədər müəllimin, təhsil ekspertinin, ictimai fəalların qaldırdığı suallar doğrudan da əsassızdırsa — bunu rəsmi şəkildə sübut edin. Hansı mənbələr, hansı mexanizmlər, hansı yoxlama metodikası ilə bu iddiaların yalan olduğu ortaya qoyulub? Yoxsa sadəcə “inanmayın” deməklə ictimaiyyətin gözündə doğrunu danmaq mümkündür?

Əgər bu iddialar doğrudursa — bu artıq cinayət xarakterli məsələdir və məsuliyyət daşıyan şəxslər konkret adlarla, konkret nəticələrlə cavab verməlidir.

Təhsil sistemində etimad pozularsa, bu yalnız bir nazirliyin, bir agentliyin deyil, bütün cəmiyyətin gələcəyinə zərbədir. Dövlətin müəllimi sistemdən küsdürülərsə, sabahın vətəndaşı o sistemdən nə öyrənəcək?

 

İllərlə bu sahədə çalışan və sadəcə ədalət tələb edən minlərlə müəllimə cavab borcunuz var. Əgər bu cavabı verməyə siyasi iradəniz, ya da peşəkar imkanınız yoxdursa — yalnız susmaqla kifayətlənməyin. Ərizənizi yazın və bu sistemdən gedin.

Təhsil hər kəs üçündür. Amma onu susqunluqla yox, dürüstlüklə qorumaq lazımdır."

Oxşar xəbərlər