İsrail Knesseti (parlamenti) İsrail Katsın xarici işlər naziri vəzifəsinə təyin edilməsini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, təyinatla bağlı qərar dərhal qüvvəyə minəcək. Kats Nazirlər Kabinetinin 31 dekabr 2023-cü il tarixli qərarına uyğun olaraq Energetika Nazirliyinə rəhbərlik edəcək keçmiş xarici işlər naziri Eli Koeni əvəz edib.
Eyni zamanda, hökumət Koenin hərbi-siyasi kabinetdəki yerini saxlayıb. O, ölkə üçün ən vacib qərarların müzakirə olunduğu əsas nazirlərin iştirakı ilə keçiriləcək iclaslarda iştirak edə biləcək. Halbuki, energetika naziri vəzifəsi onun iclaslarda iştirakını tələb etmir.
68 yaşlı Kats 1998-ci ildən Likud partiya bileti ilə Knessetə seçilib və əvvəllər müxtəlif nazir vəzifələrində, o cümlədən 2019-2020-ci illərdə İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edib.
O, Fələstin və İrana qarşı sərt siyasətin tərəfdarı hesab olunur. Kənd təsərrüfatı naziri kimi o, 2005-ci ildə Qəzza zolağından birtərəfli şəkildə ayrılma planına qarşı çıxıb və energetika naziri kimi anklavın su və elektrik təchizatı baxımından blokadaya alınmasını dəstəkləyib.