Türkiyə Milli Müdafiə Nazirliyi Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin təmin olunması üçün mərhələli planların hazırlandığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, məlumatı "Haber Global" nazirlikdəki mənbələrə istinadən yayıb.
Məlumata görə, gündəmdə "F-16" qırıcılarının adaya yerləşdirilməsi variantı yer alır.
Bildirilir ki, son dövrdə regionda baş verən hadisələr nəzərə alınaraq Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müxtəlif ssenarilər hazırlanır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın ali lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.