Tovuz rayonu Asif Sadıqov adına Vahidli kənd tam orta ümumtəhsil məktəbi bölgədə təhsil sahəsində əldə olunan nailiyyətləri ilə seçilən təhsil müəssisələrindən biridir. 1967-ci ildən fəaliyyət göstərən məktəbdə hazırda 167 şagird təhsil alır. Təhsil ocağında 26 pedaqoji və 13 texniki işçi fəaliyyət göstərir. Məktəbin ümumi şagird tutumu isə 180 nəfərdir.
Məktəbdə şagirdlərin keyfiyyətli təhsil almaları, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb. Tədris prosesində müasir yanaşmaların tətbiqi, yeni metodların istifadə olunması və müəllimlərin peşəkar inkişafı daim diqqət mərkəzində saxlanılır. Müəllim kollektivi təhsil sahəsində tətbiq olunan yenilikləri yaxından izləyərək onları dərs prosesində tətbiq etməyə çalışır.
2024–2025-ci tədris ili üzrə məktəbi 7 nəfər məzun bitirmiş, onlardan 2 nəfəri ali məktəblərə qəbul olmuşdur. Məktəbin şagirdləri həmçinin Respublika səviyyəli fənn olimpiadalarında iştirak edərək müxtəlif uğurlar qazanırlar.
Məktəbin direktoru Seyidov Vüsal Sakit oğlu bildirib ki, o, 2018-ci ildən etibarən bu vəzifədə fəaliyyət göstərir və məktəbin inkişafı istiqamətində kollektivlə birlikdə ardıcıl işlər aparılır. Direktor qeyd edib ki, təhsil sahəsində tətbiq olunan bütün yeniliklərin məktəblərdə uğurla həyata keçirilməsi və düzgün nəzarət sisteminin qurulması baxımından onlara verilən tapşırıqların icrasında Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Tovuz Rayon Təhsil Sektorunun dəstəyi böyük əhəmiyyət daşıyır.
“Bizə göstərilən diqqət və dəstəyə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinə və Tovuz Rayon Təhsil Sektoruna minnətdarlığımızı bildiririk. Məktəb kollektivi olaraq qarşımıza qoyulan vəzifələri layiqincə yerinə yetirməyə və daha yüksək nəticələr əldə etməyə çalışırıq”, – deyə direktor vurğulayıb.
Hazırda məktəbdə həm şagirdlər, həm də müəllim kollektivi qarşıdan gələn Novruz bayramına hazırlıq işləri aparır. Məktəbdə bayram münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Novruz bayramı xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu özündə əks etdirən ən əziz bayramlardan biri kimi xüsusi əhəmiyyət daşıyır və bu dəyərlər məktəblilərə də aşılanır.
Sonda Kristal TV kollektivi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbin bütün xanım əməkdaşlarını və qız şagirdlərini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayır.