Mətbuat Şurası: AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftar Fransa adına utancverici durumdur

Mətbuat Şurası: AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftar Fransa adına utancverici durumdur

Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyib.

“Report” xəbər verir ki, Şuranın bununla bağlı bəyanatında bildirilir.

“Fransa müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin ora ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və priniplərə, qətiyyən, məhəl qoymur.

Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməzdir, tam yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək, digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur”, - bəyanatda qeyd olunur.

“Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mücadiləsini işıqlandırmaq üçün ora səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir. Nəzərə alaq ki, bu xoşagəlməz olay – jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması, nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır.

Mətbuat Şurası Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşı A.Həsənovaya qarşı klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən, beynəlxalq media qurumlarını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırır. Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalistin üzləşdiyi anti-insani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasızlıq mühiti formalaşdırır. Belə bir mühitin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır. Ona görə də bütövlükdə Makronun rəhbərlik etdiyi fransız diktaturasının mediaya, jurnalistikaya münasibətdə qəddarlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə yerinə yetirilə bilər”, - bəyanatda vurğulanır.

Mətbuat Şurası bir daha AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını qətiyyətlə pisləyərək, baş vermiş olayın günahkarlarının tezliklə tapılmalarını və məsuliyyətə cəlb edilmələrini, ümumən hadisəyə müvafiq hüquqi qiymətin verilməsini tələb edib.

Oxşar xəbərlər