Əməkdaşlarımız Tovuz rayonu Gəray Nəsibov adına Böyük Qışlaq kənd tam orta ümumtəhsil məktəbində olublar.
Bu dəfəki çəkilişimizin əsas məqsədi havaların kəskin soyuması ilə əlaqədar olaraq məktəb və körpələr evi–uşaq bağçalarında istilik sistemlərinin mövcud vəziyyəti, həmçinin bunun şagird və körpələrin tədris prosesinə davamiyyətinə təsiri ilə yaxından tanış olmaq olub.
Qeyd edək ki, səfər etdiyimiz ilk təhsil müəssisələrindən biri ucqar dağ kəndində fəaliyyət göstərən Gəray Qasımov adına tam orta məktəb idi.
Məktəb 1938-ci ildən fəaliyyət göstərir və 600 şagird yerlikdir. Hazırda burada 97 şagird təhsil alır. Şagirdlərin keyfiyyətli təhsil alması üçün 22 müəllim böyük fədakarlıqla fəaliyyət göstərir.
Məktəbin bütün uğurlarından ətraflı bəhs etsək, bu kifayət qədər vaxt aparar. Lakin qısaca qeyd edə bilərik ki, burada gələcəyimiz olan gənclərin hələ erkən yaşlardan yüksək bilik və bacarıqlara yiyələnməsi, vətənpərvər ruhda böyüməsi üçün var gücü ilə çalışan, ömrünü bu şərəfli peşəyə həsr etmiş peşəkar müəllim kollektivi fəaliyyət göstərir. Bu münasibətlə hər bir müəllimə dərin minnətdarlığımızı bildiririk. Təbii ki, əldə olunan hər bir uğurun arxasında düzgün təşkil olunmuş iş rejimi və sağlam rəhbərlik münasibətləri mühüm rol oynayır.
2011-ci ildən etibarən məktəbə rəhbərlik edən direktor Məmmədov Ceyhun Hüseyn oğlunun fəaliyyəti dövründə məktəbin uğurları nəzərəçarpacaq dərəcədə artıb.
Məktəbdə tədris prosesi yüksək səviyyədə təşkil olunur. Sinif otaqlarına daxil olarkən nizam-intizamlı şagird heyəti və peşəkar müəllim kollektivi dərhal diqqəti cəlb edir.
Bildirilib ki, yaxın vaxtlarda məktəb binasının yeni və müasir standartlara uyğun şəkildə tikilməsi nəzərdə tutulur. Binanın köhnə olmasına baxmayaraq, şagirdlərin dərsə davamiyyəti yüksəkdir və sinif otaqları istilik sistemləri ilə tam təmin olunub. Eyni zamanda, Qazax–Tovuz Regional Təhsil İdarəsinin tapşırığı ilə Tovuz Rayon Təhsil Sektorunun əməkdaşları tərəfindən məktəblərdə mütəmadi yoxlamalar aparılır, yarana biləcək problemlərin qarşısı əvvəlcədən alınır.
Şagirdlərlə söhbət zamanı onların təhsilə və elmə olan yüksək marağı bizi xüsusilə sevindirdi.
Məktəbin şagirdləri hər il müxtəlif bilik yarışlarında yüksək nəticələr göstərir, məzunlar isə respublikanın ali və peşə təhsili müəssisələrinə yüksək ballarla qəbul olunurlar. Ötən ilin nəticələrinə nəzər saldıqda görürük ki, 7 məzundan 6 nəfəri ali və peşə təhsili müəssisələrinə qəbul olunub ki, bu da olduqca sevindirici göstəricidir.
Müsahibimiz Ceyhun Məmmədov bildirdi ki, hər bir sahədə dövlət dəstəyi mühüm əhəmiyyət daşıyır və bu dəstək məktəb tərəfindən daim hiss olunur. O, bu münasibətlə ölkə rəhbərliyinə, eləcə də Qazax–Tovuz Regional Təhsil İdarəsinə təşəkkürünü ifadə etdi. Qeyd olundu ki, düzgün istiqamətləndirilmiş dövlət dəstəyi və effektiv nəzarət mexanizmi yaranan problemlərin vaxtında və səmərəli həllinə şərait yaradır.
Kristal TV olaraq xüsusi qeyd etmək istərdik ki, Qazax–Tovuz Regional Təhsil İdarəsinə yeni təyin olunmuş rəhbərlik tərəfindən bir sıra müsbət yeniliklər tətbiq edilir. Bu yeniliklər ümumi təhsil sisteminin inkişafına mühüm töhfə verir. Yeni rəhbərlik tərəfindən tabelikdə olan bütün təhsil müəssisələrində mütəmadi görüşlər və yoxlamalar həyata keçirilir.
Sonda çəkilişin təşkilinə şərait yaratdıqlarına görə Kristal TV olaraq Qazax–Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə, İctimaiyyətlə Əlaqələr Şöbəsinin məsul əməkdaşı Fizuli Ələsgərova, Tovuz Təhsil Sektorunun təsərrüfat qrupunun müdiri Axundzadə Əli bəyə dərin minnətdarlığımızı bildiririk.
Əziz izləyicilər, bu məktəb haqqında daha çox danışmaq olar. Lakin sizi bu təhsil ocağı barədə hazırlanmış video reportajı yaxın günlərdə izləməyə dəvət edirik .
Qeyd : Kristal Tv aparılan texniki və yenidən qurma işlər ilə əlaqədar video reportajlar qısa bir aradan sonra bərpa olunacaq.