5 Oktyabr- Beynəlxalq Müəllim Günü münasibətilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ Corc Vaşington Universiteti ilə İnsan İnkişafı və Təhsilin İdarətetməsi üzrə magistr səviyyəsində ikili diplom proqramının müəllimi, ADPU-nun Strateji İnkişaf Mərkəzinin nəzdində MLP-nin təlimçisi Yuliya Kərimova, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Aqrar universitetin rektoru Zəfər Qurbanov, rəsmilər, ümumtəhsil məktəblərinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə torpaqlarımızın azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yuliya Kərimova “Öyrətmənin sirri və ya “yaxşı müəllimin sirri nədən ibarətdir?” mövzusunda təqdimatla çıxış edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək, Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, çətin və şərəfli peşələrində onlara uğurlar arzulayıb. İdarə müdiri ölkəmizdə müəllim əməyinə verilən qiymətdən, onlara göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə 5 Oktyabr – Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif olunub.
Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.