Tarixi şəxsiyyət Heydər Əliyev 100 il
Bütün xalqların, millətlərin tarixində xilaskar rolunu oynayan qəhrəmanları olur.Və zaman keçdikcə həmin qəhrəmanlar tarixi şəxsiyyətlərə çevrilir. Həmin tarixi şəxsiyyətlər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb azadlığa nail olmuşlar. .Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşmüşdür. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, məhz 2023-cü il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev ili” olaraq ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gənclik illərindən təhlükəsizlik orqanlarında mühüm vəzifələrdə çalışmış, daima diqqət mərkəzində olmuşdur. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.
Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Dahi şəxsiyyət Heydər Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrildi. Lakin sonralar baş verən məlum hadisələr, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı qərəzli mövqe tutması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Bundan istifadə edən ermənilər ölkəmizə qarşı uydurma ərazi iddiaları irəli sürərək əzəli torpağımız olan Dağlıq Qarabağ ətrafında hərbi təcavüzə başladı. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. 1990-cı ilin yanvarında keçmiş SSRİ rəhbərliyinin Azərbaycanda başlamış ümmilli etirazlara, qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələndi. Əfsuslar olsun ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Həmin dövrdə Azərbaycana qayıdışına ciddi maneələr törədilməsinə baxmayaraq Vətənin ağır günlərinə biganə qala bilməyən Heydər Əliyev Azərbaycana qayıtdı. Xalqın böyük ümid və ruh yüksəkliyi ilə gözlədiyi Heydər Əliyev Bakıdan Naxçıvana getdi və Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi. 1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Naxçıvanda üç rəngli bayrağımız dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı. Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, yalnız Heydər Əliyev xilas edə bilər. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə idi. Eyni zamanda müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi. Bu tarixdə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu öndər Heydər Əliyevi Prezident seçdi. Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinin qarşısını məharətlə aldı.1994-cü ilin may ayında Ulu Öndər özünün uzaqgörən və müdrik siyasəti sayəsində iki dövlət arasında gedən müharibədə atəşkəsə nail oldu. Bu ölkə tarixində mühüm bir dönüş nöqtəsi oldu. Belə ki, aparılmış gərgin danışıqlar nəticəsində 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”adlandırılan aparıcı dünya dövlətləri ilə neft kontraktları imzalandı. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı.
Müəllif: Beynəlxalq dərəcəli rəsmi təlimci-mentor, sinif müəllimi-
Kərimli Ləman Fikrət qızı.