Hazırda ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş zəngin tarixə və ənənələrə malikdir. Bunun təsdiqi üçün Azərbaycan güləş tarixini vərəqləmək kifayətdir. Özü də hər iki növdə milli güləşimizin əksər elementləri, fəndləri və mübarizə metodları əksini tapıb. Ümumiyyətlə, milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda və dastanlarda da rast gəlmək mümkündür. Bir sözlə, güləş xalqımızın qanında, canındadır və nəsillərdən nəsillərə ötürülür. İndi də toy və bayram şənliklərində qurşaq tutanlara rast gəlinir. Vaxtilə isə Azərbaycanda güləş yarışları əsasən xüsusi yerlərdə - Zorxanalarda təşkil olunurdu.
Ümumiyyətlə, Azərbaycanda güləş öz təşəkkülünü ikinci Dünya müharibəsindən sonra tapıb. “Kusturud” idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə güləşin banilərindən sayılır. O, SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın 20 qat çempionu olub. Onun məktəbinin yetirmələrindən böyük uğurlar qazanmış Musa Babayev, İbrahimpaşa Dadaşov, Muxtar Dadaşov və ilk dəfə 1952-ci ildə Helsinki Olimpiya Oyunlarında gümüş medala yiyələnən Rəşid Məmmədbəyovu nümunə göstərmək olar. Sonrakı dönəmlərdə isə Aydın İbrahimov, Rafiq Hacıyev, Xəzər İsayev, Arif Niftullayev və Məhyəddin Allahverdiyev kimi dünya şöhrətli pəhləvanlar üzə çıxdı.