Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir - YENİLƏNİB

Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir - YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilir.

 

"Report" xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Baş nazirin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak edirlər.

 

Qurultayda ilk olaraq Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciət dinləniləcək.

 

Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın oxuması nəzərdə tutulur.

 

Qurultay rəsmi hissədən sonra panellərlə davam edəcək.

 

06:02

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək.

 

"Report" xəbər verir ki, iki gün davam edəcək qurultayda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, beynəlxalq, özəl, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, ekspertlər və digər qonaqlar iştirak edəcəklər.

 

Qurultaya ümumi, orta ixtisas, peşə, ali təhsil və elmi müəssisələrdən 1600-dən çox nümayəndə qatılacaq.

 

Müəllimlərin XVI qurultayı plenar iclasın keçirilməsi ilə öz işinə başlayacaq.

 

Qurultayın ilk günündə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi” mövzuları üzrə panel sessiyaları keçiriləcək.

 

Qurultayın ikinci günündə isə “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularda panellər olacaq.

 

Qeyd edək ki, Azərbaycan müəllimlərinin I Qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin IV Qurultayı keçirilib.

Oxşar xəbərlər