Audiovizual Şura elektron siqaretlər haqqında məlumatın yayımlanması ilə bağlı açıqlama yayıb.
Şuradan Oxu.Az-a verilən xəbərə görə, son zamanlar, bir sıra yayımçılara ödənişli əsasda bir məlumatın yayımlanması barədə təkliflər daxil olur. Həmin məlumatda bır sıra xarici xəbər agentliklərinə istinadla son zamanlar daha çox amerikalı siqaret aludəçilərinin alternativ nikotin məhsullarına keçmələri haqqında məlumatlar öz əksini tapıb və iddia olunur ki, alternativ nikotin məhsulları ABŞ bazarının müəyyən faizini təşkil edir:
"Həmçinin, sözü gedən informasiyalarda mütəxəssislərin daha çox insanın siqareti tərgitməsi və zərərli kimyəvi maddələrin təsiri guya az olan daha yaxşı məhsullara keçməsi tendensiyasına müsbət yanaşmaları iddia olunur.
Audiovizual media subyektləri tərəfindən Audiovizual Şuraya daxil olan sorğulara cavab olaraq və məsələnin ciddiliyini nəzərə alaraq, Azərbaycan Respublikası Audiovizual Şurası bildirir ki, belə məzmunlu məlumatların televiziya və ya radio kanallarında yayımlanması "elektron siqaret"lərin təbliği hesab olunduğundan ölkə qanunvericiliyinin pozulmasıdır.
Nəzərə alınmalıdır ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər tütün məmulatları hesab olunur. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən tütün məmulatlarının satışının və istifadəsinin stimullaşdırılmasına xidmət edən hər bir addım tütün məmulatları sponsorluğudur. Sözügedən Qanunun 9.1.4-cü maddəsinə uyğun olaraq, tütündən istifadənin azaldılması məqsədilə tütün satışının bilavasitə və ya dolayı reklamının və təşviqinin, habelə tütün məmulatları sponsorluğunun reklamının və stimullaşdırılmasının bütün növləri qadağan edilir.
Eyni zamanda, "Reklam haqqında" Qanunun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.
Audiovizual Şura bir daha bildirir ki, yuxarıda qeyd olunan məzmunda məlumatların televiziya və ya radio kanallarında yayımlanması Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması hesab olunaraq, həmin məlumatların yayımlanması halında audiovizual media subyektinə qarşı inzibatı sanksiya tətbiq olunacaq".