Gürcüstanın Bolnisi rayonunda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Rezo Həsənov Xocalı soyqırımı barədə ətraflı məlumat verib.
O bildirib ki, əliyalın, dinc Xocalı sakinləri 32 il əvvəl erməni vandaliziminin və vəhşiliyinin qurbanı olublar.
R.Həsənov söyləyib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb, Azərbaycan məxsus olan torpaqlar işğaldan azad edilib: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bununla da faciə qurbanlarının və şəhidlərimizin qisası alınıb”.
Tədbirdə vurğulanıb ki, Xocalı soyqırımı bəşəriyyət tarixinin ən amansız qətliamlarından biridir. Qeyd olunub ki, bunu unutmamaq və unutdurmamaq bütün dünya azərbaycanlılarının mənəvi və borcudur.
Sonda Xocalı soyqırımına aid şeirlər səsləndirilib, “İşgəncələr məbədi-Şuşa həbsxanası” adlı sənədli film nümayiş etdirilib.