Son zamanlar müəllim və şagirdlərin narkotestlərdən keçməsi ilə bağlı bir sıra məsələlər gündəmdədir. Bəs, müəllimlərin gələcəkdə bu testlərə məruz qalması nə dərəcədə düzgündür? Bu addım müəllimləri nüfuzdan salarmı?
Kristal TV TehsilForumu.Az saytına istinadən xəbər verir ki, təhsil ekspertləri bu məsələdən olduqca narahatdırlar.
Təhsil eksperti Nadir İsrafilov: “Bununla müəllimin onsuz da zədələnmiş nüfuzunu bir az da sarsıtmış olarıq. Məlumdur ki, dünyanın əksər ölkələrində narkotik maddələrə meyil artıb və bu hal heç də Azərbaycana da təsirsiz ötüşməyib. Bu isə, öz növbəsində, bu istiqamətdə aparılan mübarizə tədbirlərinin daha da gücləndirilməsini və narkomaniyaya qarşı daha sərt tədbirlər görülməsini qaçılmaz edir. O da birmənalıdır ki, narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaq üçün bütün imkanlar səfərbər olunmalıdır. Eyni zamanda bildirilir ki, narkomaniyaya qurşananların sayı dayanmadan artır və daha çox azyaşlı yeniyetmələr bu iyrənc yola cəlb olunurlar. Artıq “Orta məktəb şagirdləri belə sürətlə bu sonu olmayan bəlaya düçar olurlar”.
Məsələ Milli Məclisdə müzakirələr səviyyəsinə belə qaldırılıb. “Bu cür narkotestləri nəinki təhsil müəssisələrində, həmçinin, digər böyük müəssisələrdə də tətbiq etməklə təbii yolla insanlarımızı bu uçurumdan qurtara bilərik” kimi fikirlərlə əsaslandırılıb, orta məktəb şagirdləri arasınd narkotik maddə istifadəçilərinin olması barədə rəsmi məlumatlar olduğu həmçinin dünyanın bir çox ölkələrində bunun qanunvericilikdə öz əksini tapması xüsusi vurğulanıb. İş o yerə çatıb ki, “Müəllimlər və 11-ci sinif şagirdləri narkotestdən keçsin” kimi təhlükəli tendensiya da ortalığa atılıb. Narkomaniyaya qarşı mübarizə aparaq, ən sərt cəza tədbirlərinə əl ataq, lakin xahiş olunur, məktəbi, müəllimi bu məsələyə qatmayaq. Məktəbi hər sıradan olan hadisədə günahlandırırıq, müəllimi hər sınaqdan keçiririk, bircə qalıb narkotestdən keçirmək...!? Bu nə deməkdir? Bu, o deməkdir ki, onsuz da hörmətdən, gözdən saldığımız məktəbi bir az da hörmətdən salmaq. Bu, o deməkdir ki, onsuz da zədələnmiş müəllim nüfuzunu bir az da sarsıtmaq.Bu, tarixən müqəddəs və şərəfli peşə sahibi hesab etdiyimiz müəllimdən narkoman obrazı yaratmaq üçün kimlərəsə əsas vermək deməkdir.
Psixoloq Leyla Əli: “Əgər xüsusi hal baş verməyibsə, düşünmürəm ki, müəllimlərin kütləvi şəkildə narkoloji testdən keçməsinə ehtiyac var. Adətən, belə hallar xüsusi vəziyyətlərdə yaranır. Yalnız şübhə doğuran məqamlar baş verdikdə, hansısa bir təhsil ocağında hansısa bir təhsil müəsissəsində konkret fakt aşkarlanırsa bu zərurət yarana bilər. Amma ümumiyyətlə son dövrlər narkotiklə mübarizəyə dair fəaliyyətin genişlənməsini müsbət hal hesab edirəm. Bu tədqirə layiqdir. Çünki cəmiyyətimizin bəlasından yalnız müəllimlər, şagirdlər, təhsil işçiləri deyil bütün fəaliyyət sahələrində çalışanlar, ümumiyyətlə bütün vətəndaşlarımız qorunmalıdır. Mübarizə tədbirləri gücləndirilməlidir. Biz bəzən şagirdlər arasında da bu halların baş verdiyi ilə bağlı xəbərlər alırıq. Belə hallara dərhal reaksiya verilməsi çox önəmlidir. Düşünürəm ki, burada ailə, təhsil müəssisəsi və digər müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə vətəndaş cəmiyyətləri institutları da birlikdə fəal və davamlı fəaliyyət göstərməlidirlər”.