Müəllimlərlə bağlı AÇIQLAMA

Müəllimlərlə bağlı AÇIQLAMA

Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötəngünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Azərbaycanda ümumtəhsil məktəblərində çalışan və yaşı 65 çatmış müəllimlər təqaüdə göndərilir. Bəs görəsən Azərbaycanda müəllimlər 5 il erkən pensiyaya çıxa bilər mi?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri açıqlama verib.

Ekspert bildirib ki, müəllimlərin 5 il tez pensiyaya göndərilməsi inandırıcı deyil:

"Sosial şəbəkələrdə bu mövzu çox maraqla qarşılanıb. Bu təkliflərin kişi müəllimlər üçün keçərli olub-olmamasına gəldiksə isə, bununla bağlı fikir birmənalı olmayacaqdır. Kişi müəllimlər üçün belə bir addımın atılması subyektiv olaraq o qədər də inandırıcı deyil. Dünya praktikasına baxanda görürük ki, bu o qədər də inandırıcı deyil. Müəllimlik çox çətin sahədir. Bu peşə insandan həddindən artıq psixoloji əmək tələb edir. Psixoloji və zehni əmək müəllimlərin fiziologiyasına da ciddi təsir göstərir. Bu baxımdan da biz əsəbi və ürək problemləri olan müəllimlərlə tez-tez rastlaşırıq.

Elmin Nuri fikrincə, müəllimlik intellektual iş sayıldığına görə 65 yaş təqaüd üçün çox aşağıdır:

"65 yaş təqaüd yaşı olmasına baxmayaraq, müəllimlərin və ziyalı kəsimin narazılığına çevrilib. Müəllim var ki, 65 yaşı olmasına baxmayaraq praktikdir, faydalıdır və yeniliklər ilə şagirdlərinin qarşısına gəlməyi sevir. Mənim yaxın qohumum olan, dayımın 65 yaşı olmasına baxmayaraq həddindən artıq gənc əhval-ruhiyyəyə sahib olan müəllim idi. O, hər zaman deyərdi ki, "mən bundan sonra da daha yaxşı dərslər tərtib edəcəm". Çox təəssüflər olsun ki, 65 yaşından sonra təqaüdə göndərildi. Hazırda bir çox kolleqaları kimi işşizdir. Bu hallar ilə mən tez-tez rastlaşmışam. Bu həm qadın, həm də kişi müəllimlər arasında var. Müəllimlik intellektual iş sayıldığına görə 65 yaşın təqaüd üçün çox aşağı olduğunu düşünürəm. Çünki, intellektual peşə elədir ki, müəyyən bir yaş həddində özünü daha çox parlada bilər. Biz hər il "Nobel" mükafatı alan şəxslərin yaşına baxsaq görərik ki, onların əksəriyyətinin yaşı 70-dən yuxarıdır. Təbii ki, 40 yaşlı olanlar da var. Amma 70 yaşlı şəxslər üstünlük təşkil edir. Deməli intellektual məhsul bu yaş çərçivəsində özünü daha yaxşı göstərir.

Müəllimlərin pensiya yaşının 5 il azaldılması qəti inandırıcı və eyni zamanda arzuolunan hal deyil. Bu gün yaşa görə təqaüdə çıxarılmış, amma təhsil üçün çox faydalı olan müəllimlərimiz həddindən artıq çoxdur".

Oxşar xəbərlər