"Azərbaycan İCESCO ilə əməkdaşlığa böyük önəm verir". Bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşündə deyib.
Kristal TV xəbər verir ki, görüşdə təşkilatla Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi və tərəflər arasında davamlı dialoqun mövcudluğu məmnunluqla qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova ötən ilin dekabr ayında Mərakeşə rəsmi səfəri çərçivəsində ICESCO rəhbəri ilə görüşünü məmnunluqla xatırlayaraq, ölkəmizin bu təşkilata və İslam ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ailəsinin fəal üzvüdür. Ölkəmiz üzv dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir, hər zaman ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsinə səy göstərir.