Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına əsasən, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?
Məsələ ilə bağlı cərrah mammoloq-onkoloq Afət Cabbarova bildirib ki, bu gün üçün qəbul olunmuş yeganə qayda erkən müayinədir:
"Bəzi inkişaf etmiş ölkələrdə ÜST tərəfindən və protokollarda təsdiqlənən müayinələr var ki, xəstəliyi tamamilə məhv edir. Xərçəngin erkən diaqnostikası xəstələrin sağ qalmasına ciddi təsir göstərir və daha müsbət klinik nəticələr əldə etməyə töhfə verir. Ən çox yayılmış xərçəng xəstəliklərinin, o cümlədən yoğun bağırsaq, süd vəzi, prostat və uşaqlıq boyunu xərçənginin skrininqi üzrə təlimatlar mövcuddur. Xərçəngin yaranmasında qidalanmanın rolu çox böyükdür. Konservləşdirilmiş qidalar, trans yağlar, heyvan mənşəli qidalar birbaşa xərçəngin inkişafında rol oynayır. Bundan başqa, genetik amillərin də payı çoxdur".
Məlumata görə, mütəxəssislər pestisidlərin, qida əlavələrinin, piylənmənin, hormonal məhsulların, eləcə də siqaretin qarşısının alınmasının lazım olduğunu bildirirlər. ÜST-nin hesabatında bildirilir ki, 2050-ci ilə qədər dünyada 35 milyondan çox yeni xərçəng xəstəsi olacaq.