Uşaqların sevgisini qazanmaqla özümü xoşbəxt hesab edirəm

Uşaqların sevgisini qazanmaqla özümü xoşbəxt hesab edirəm

Mən-Ağabəyova Təranə Qurban qızı 1991- ci il 2 aprel tarixində Bakı şəhərində anadan olmuşam. 1998-2008-ci illərdə F.İsgəndərov adına 157 saylı tam orta məktəbi bitirmişəm. 2008-2012-ci illərdə pedaqoji təhsilimi başa vuraraq 2013- cü ildə MİQ - də iştirak edərək Bakı şəhəri M.Ə.Sabir adına 259 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə başlamışam. 22 yaşımda müəllim adına layiq olmaq mənim üçün olduqca qürurverici bir hiss olmaqla yanaşı, bir o qədər də həyəcanverici idi. Özümə inamım çox idi. Mən inanırdım ki, uşaqlara olan sevgimlə mən bu peşənin üstəsindən layiqincə gəlməyi bacaracağam. Və mən yanılmadım. Artıq 10 illik pedaqoji fəaliyyətimdə çox böyük pedaqoji təcrübələrə sahiblənmişəm və bununla yanaşı kollektivdə yetərli qədər hörmət , nüfuz sahibi olmağımla bərabər istər ölkədaxili, istərsə də ölkəxarici bir çox müəllimlər və məktəblər tərəfindən öz interaktivliyim və peşəmə olan sevgimdən dolayı tanınıram. 2022-ci ildə Microsoftun İnnovativ Tədris Eksperti müsabiqəsi üzrə qalib olmuşam. Həmin ildə Respublikada keçirilən ilk sertifikasiya imtahanında test mərhələsindən 57 bal, müsahibə mərhələsindən isə 31 bal toplayaraq uğur qazanmışam. Həmçinin TKTA-nın məktəb inspeksiyası vəzifəsini də təyin olmuşam. 2023-cü il 15 avqust tarixində Ulu Öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətimə görə medalla təltif olunmuşam.

Düşünürəm ki, insanın həyatda layiqli yer tutmasında aparıcı qüvvə müəllimdir. Amma bu müəllimlər içində məhz ibtidai sinif müəllimlərinin rolu əvəzedilməzdir. Çünki, şagirdlərlə daha çox zaman keçirərək onları nəinki təhsil sahəsində yetişdirmək deyil, onların psixologiyasına bələd olan, gizli bacarıqlarını, istedadlarını ustalıqla önə çıxara bilən məhz işinin peşəkarı olan ibtidai sinif müəllimləridir. Mən dərsə başlarkən ilk məqsədim şagirdlərin dərsə adaptasiya olmaları üçün onların rahatlığını təmin etməkdir. Onlara özümü sevdirərək dərsə cəlb etməyi bacarıramsa , deməli mən ən böyük uğura sahib olmuşam. Ən çox işlətdiyim bir düşüncəmi sizinlə də paylaşmaq istərdim :" Düşünürəm ki, həyatda uşaq sevgisini qazanmaqdan , onların könlünü fəth etməkdən asan bir iş olmasa da, çox təəssüf edirəm ki, bir çox müəllim bunu bacarmır. Məhz , bu səbəbdən şagird sevgisini qazana bilən müəllimi ən uğurlu müəllim hesab edirəm."

Hər gün sinfə daxil olarkən və şagirdləri dərs sonundə valideynlərinə təhvil verərkən, onların hər birinin sevgi ilə mənə sarılmaları hər gün işimə olan eşqimi daha da artırır. Şagirdlərimə dərs əsnasında sərbəst olmalarına şərait yaratmağım onların məni dinləmələrinə və fikirlərini rahat və aydın şəkildə əsaslandırmaqda çox effektli bir yoldur. Tapşırıqları da məhz şagirdyönümlülük və tələbyönümlülük prinsiplərini nəzərə alaraq onların sevəcəyi və öhdəsindən gələ biləcəkləri şəkildə hazırlamağa üstünlük verirəm və həmkarlarıma tövsiyyə edirəm. 

Ən sonda isə üzümü həmkarlarıma tutaraq demək istəyirəm ki, şagirdləri yalnız təhsil sahəsində deyil, onları ruhuna toxunmağı bacararaq həyata hazırlamağı da bacarmalıyıq. Unutmaq lazım deyil ki, uşaqlar bizim gələcəyimizdir. 

Diqqətiniz üçün təşəkkür edirəm.

Oxşar xəbərlər