Vaqif Cavadov Avropanın daha bir tanınmış klubunun düşərgəsinə yollanmağı planlaşdırır

Vaqif Cavadov Avropanın daha bir tanınmış klubunun düşərgəsinə yollanmağı planlaşdırır

"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov Avropanın başqa tanınmış klublarından birinin düşərgəsinə yollanmağı planlaşdırır.

Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.

O, PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Belçikanın "Vesterlo" klubunda keçdiyi təcrübə barədə danışıb:

"PRO kateqoriyalı məşqçilik kursunu oxuyarkən bir həftəlik xarici klubun düşərgəsinə yollanmalıyıq. Mən də Belçikaya üstünlük verdim. Bu klubu ona görə seçdim ki, çox tez bir zamanda özünü doğrultmağa başlayıb və heyəti həm yaşlı, həm də gənc futbolçulardan ibarətdir. Orada oyunları, məşq proseslərini izlədim. Bir az fərqli oyun üslubları var, amma infrastruktur baxımından çox gözəl şəraitə malikdirlər".

Milli komandanın sabiq üzvü Belçikadakı infrastrukturu Azərbaycanla müqayisə edib:

"Müqayisə etmək çətindir. Orada infrastruktur çox yaxşı səviyyədədir. Komandanın çempionatda nisbətən aşağı sıralarda qərarlaşmasına baxmayaraq, meydanı, təlim-məşq bazası, stadionu tam fərqlidir. İstərdim ki, Azərbaycanda da təkcə liderlərdə deyil, hər bir klubda belə şərait olsun. Çünki oradakı hər klubda bu imkanlar var".

V.Cavadov klubun hədəfləri və tanınmış futbolçularla ünsiyyətindən söz açıb:

"Ən çox diqqət çəkən futbolçular üçün hər cür şəraitin yaradılmasıdır. Məqsədləri oyunçuların heç nədən geri qalmaması və sonra onları Avropanın digər ölkələrinə satmaqdır. "Vesterlo" bir il ərzində bir neçə futbolçunu digər klublara satıb. Orada Ukrayna millisinin keçmiş kapitanı, rusiyalı bir oyunçu və vaxtilə Almaniya, həmçinin "Fənərbaxça"da çıxış etmiş türk futbolçu ilə ünsiyyətdə olduq. Onlar da çempionatdan və şəraitdən çox razıdırlar".

"Sumqayıt-2"nin baş məşqçisi əldə etdiyi təcrübənin tətbiqi və gələcək planlarına da toxunub:

"Ora öyrənməyə getmişdim və öz məşq proseslərimdə gördüyüm yenilikləri tətbiq edəcəyəm. Futbol günü-gündən inkişaf edir, ona görə də həm məşq prosesində, həm də futbolçularla davranışda dəyişikliklər olacaq. Növbəti planlarımda Avropanın başqa bir tanınmış klubunun düşərgəsinə yollanmaq var. Sadəcə, vaxt baxımından onların qrafikini gözləyirəm. Daha əvvəl Niderland təmsilçisi "Tvente"nin akademiyasında da təcrübə toplamışdım".

Oxşar xəbərlər