20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ EHTİRAMLA ANILIR
Şanlı tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hüzn və qürur günümüzün 34-cü ili tamam olur.. 1990-cı il 20 Yanvar hadisələri xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
O gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyən xalqın iradəsini qırmaq, insanların müstəqillik arzularını tanklarla məhv etmək idi.
Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini qürur və ehtiramla yad ediblər.
Şübhəsiz, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Faciə törədildi, günahsız insanlar şəhid oldular...Qanlı tarix!!! illər, əsrlər ötsə də, bu söz dəyişməyəcək. Bu, həqiqətən Azərbaycanın salnaməsinə yazılmış qanlı tarixdir. "1990. 20 Yanvar"....
Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.
Kristal TV olaraq biz də 20 Yanvar şəhidlərinin xatirəsini dərin hüzn və ehtiramla anırıq.