30 il sonra Qazax rayonu Məzəm kəndində uşaq bağçası yenidən fəaliyyətə başlayıb.
Oktyabrın 2-də Qazax rayonunun Məzəm kəndində yenidən fəaliyyətə başlamış uşaq bağçasına media nümayəndələrinin iştirakı ilə ziyarət təşkil edilib.
Qonaqlar bağçanın pedaqoji kollektivi və uşaqlarla görüşüblər. Bağçada aparılan qurucluq və təmir işləri ilə tanış olublar.
Məlumat üçün bildiririk ki, Məzəm kəndi Qazax rayonunun Ermənistan Respublikası ilə sərhəd xəttinə ən yaxın məsafədə yerləşən kəndidir. Kənd 1993-cü ilin aprelində müvəqqəti olaraq Qazax rayonu ərazisinə köçürülüb və həmin vaxtdan Məzəm kənd uşaq bağçasının fəaliyyəti dayandırılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 26.07.2023-cü il tarixli əmrinə əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində Məzəm kənd uşaq bağçası yaradılıb.
Məzəm kənd uşaq bağçasının inzibati binası lazımi inventarlarla təmin olunub. Binada təmir işləri aparılıb, əlavə olaraq anbar, mətbəx və sanitar qovşaq tikilib.