04 mart 2026-cı il tarixində Tovuz rayonunda “Valideyn – məktəb münasibətlərinin tədrisin keyfiyyətinə təsiri” mövzusunda geniş tərkibli panel-müzakirə təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd valideyn, müəllim və şagird arasında sağlam və səmərəli münasibətlərin qurulmasının tədrisin keyfiyyətinə göstərdiyi təsiri müzakirə etmək, eyni zamanda bu istiqamətdə maarifləndirmə işlərini gücləndirmək olub.
Tədbirdə Tofiq Əliyev (Tovuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri), İlham Məmmədov (Tovuz RPŞ-nin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru), Aysel Quliyeva (Tovuz rayonu üzrə təhsil sektorunun müdiri), Bahar Babayeva (Tovuz şəhər Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri), Günay Məmmədova (Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin psixoloqu) və rayonun müxtəlif ümumtəhsil məktəblərində IV, VI və IX siniflərdə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Panel-müzakirə çərçivəsində iştirakçılar müasir dövrdə təhsil prosesində valideyn amilinin rolunun artması, məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsinin şagirdlərin tədris nəticələrinə müsbət təsiri kimi mühüm məsələləri geniş şəkildə müzakirə ediblər. Çıxış edənlər qeyd ediblər ki, valideyn, müəllim və şagird arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər tədrisin keyfiyyətinin yüksəlməsində, şagirdlərin motivasiyasının artırılmasında və onların sosial-psixoloji inkişafında mühüm rol oynayır.
Müzakirələr zamanı xüsusilə aşağıdakı mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb:
şagirdlərdə tədris motivasiyasının formalaşdırılması və öyrənməyə marağın artırılması;
təhsil müəssisələrində zorakılıq hallarının qarşısının alınması, sağlam və təhlükəsiz məktəb mühitinin yaradılması;
rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması, internetdən düzgün və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması;
sağlam həyat tərzi və düzgün qidalanma vərdişlərinin uşaqlara aşılanması;
uşaqların psixoloji və emosional inkişafı, onların sosial adaptasiyasına dəstək verilməsi.
Çıxış edən mütəxəssislər vurğulayıblar ki, müasir təhsil sistemi yalnız məktəbin fəaliyyəti ilə məhdudlaşmır. Ailə mühiti şagirdin formalaşmasında ən vacib amillərdən biridir. Valideynlərin təhsil prosesinə aktiv şəkildə qoşulması şagirdlərdə məsuliyyət hissinin güclənməsinə, onların məktəb həyatına daha ciddi yanaşmasına və tədris nəticələrinin yaxşılaşmasına səbəb olur.
Tədbirdə həmçinin imtahanlara hazırlaşan şagirdlərin psixoloji vəziyyəti də xüsusi diqqət mərkəzində olub. Qeyd olunub ki, imtahan öncəsi dövrdə valideynlərin düzgün yanaşması, şagirdə göstərilən mənəvi dəstək və motivasiya onların psixoloji sabitliyinin qorunmasında mühüm rol oynayır. Bu baxımdan valideynlərin övladlarına qarşı anlayışlı münasibət göstərməsi və onlarda özünəinam hissinin formalaşdırılması vacib amillərdən hesab olunur.
Panel-müzakirə zamanı çıxış edən Aysel Quliyeva bildirib ki, Tovuz rayonu üzrə təhsil sektorunda son dövrlər həyata keçirilən tədbirlərin əsas məqsədi təhsil prosesinin keyfiyyətini yüksəltmək, məktəblərlə valideynlər arasında daha sıx əməkdaşlıq mühiti formalaşdırmaqdır. O vurğulayıb ki, valideynlərlə mütəmadi görüşlərin keçirilməsi, maarifləndirici tədbirlərin təşkili və məktəblərdə psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi bu istiqamətdə prioritet məsələlərdən biridir.
Xüsusi ilə qeyd ki, Aysel Quliyeva Tovuz təhsil sektoruna rəhbər təyin olunduğu ilk gündən etibarən rayonun ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin sağlam və təhlükəsiz mühitdə təhsil alması, eləcə də valideyn-məktəb münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mütəmadi və sistemli tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu istiqamətdə təşkil olunan panel müzakirələri, seminarlar və maarifləndirici görüşlər təhsil ictimaiyyəti tərəfindən müsbət qarşılanır.
Tədbir çərçivəsində valideynlər də fikir və təkliflərini səsləndirib, məktəblərlə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, belə görüşlər həm valideynlərin maariflənməsinə, həm də məktəb-valideyn əməkdaşlığının daha sağlam əsaslar üzərində qurulmasına mühüm töhfə verir.
Sonda qeyd olunub ki, gələcəkdə də Tovuz rayonunda valideyn, müəllim və şagird üçbucağının daha da möhkəmləndirilməsi məqsədilə bu kimi tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur. Bu cür təşəbbüslər təhsil mühitində sağlam münasibətlərin formalaşmasına, şagirdlərin hərtərəfli inkişafına və ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.
Çəkiliş üçün yaradılan şəraitə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə və Tovuz rayon Təhsil sektoruna təşəkkürümüzü bildiririk