Almaniyanın Haitidəki səfiri təhlükəsizlik vəziyyətinin çox gərgin olması səbəbindən ölkəni tərk edərək qonşu Dominikan Respublikasına gedib.
Bu haqda DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Almaniyalı diplomatla birlikdə Avropa İttifaqının nümayəndə heyətinin üzvləri də qonşu ölkəyə səfər ediblər. “Onlar hələlik oradan işləyəcəklər”, - XİN nümayəndəsi qeyd edib. Bundan əvvəl bəzi cinayətkar qrupların Haitinin baş naziri Ariel Henrinin hökumətini istefaya göndərmək planları barədə məlumat yayılmışdı.
Haiti hakimiyyəti silahlı dəstələrlə asayiş keşikçiləri arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə fövqəladə vəziyyətin müddətini bir ay müddətinə uzatmaq qərarına gəlib. Müvafiq fərman respublikanın rəsmi “Le Moniteur” qəzetində dərc olunub. Martın 3-də Qərb departamentində fövqəladə vəziyyət və komendant saatı tətbiq edilib.