VII qrant layihəsinə yekun vuruldu
Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin bağlanış tədbiri keçirilib. Astarada baş tutan görüşə Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə start verilib. İlk öncə müsabiqənin qalibi, Azərbaycan Gənc Müəllimlər Asossosiasiyasının Astara rayonu üzrə koordinatoru Pərvanə Nəsirzadə qonaqları salamlayıb, layihə barədə qısa məlumat verdikdən sonra oktyabr ayından, yəni müsabiqəyə başladığı dövrdən sonadək gördüyü işlər, əldə etdiyi uğurları əks etdirən video-material təqdim edib. Tədbirdə Azərbaycan Valideyn-Müəllim Assosiyasının icraçı direktoru Şahin Rəcəbli, Təhsil eksperti Nadir İsrafilov, Təhsil Forumu Sosial Platformasının sədr müavinləri - Yeganə Şirinova və Kəmalə İmanlı, İntellekt Akademiyasının rəhbəri psixoloq Fərqanə Mehmanqızı və digər qonaqlar çıxış ediblər. Natiqlər təhsil sahəsinə önəmli töhfəsini verən VII Grant müsabiqəsinin əhəmiyyətindən danışıb, qalib müəllimi təbrik edib və fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində Pərvanə Nəsirzadənin şagirdləri ingilis dilində hazırladıqları şeir, musiqi və bədii kompozisiyaları təqdim ediblər. Bu çıxışlar tədbir iştirakçılarının gur alqışları ilə qarşılanıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
“English speaking for kids” layihəsinin öhdəliklərini ucqar kənddə yerinə yetirən Pərvanə Nəsirzadə müsabiqə ilə bağlı xoş təəssüratlarını “Kristal TV” ilə bölüşüb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə keçirdiyi VII Grant müsabiqəsinin əsas məqsədi, Astara və digər rayonların ingilis dili müəllimləri ilə əməkdaşlıq çərçivəsində uşaqlarda danışıq bacarıqlarının inkişaf etdirilməsidir.