Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə Məmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş "Bir kəsə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
Çempionat Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Şəmkir şəhər M.Füzuli adina məktəb-liseydə keçirilən çempionatda Ağstafa, Qazax, Tovuz, Səmkir, Gədəbəy rayon təhsil sektorlarının tabeliyindəki məktəblərin rayon (şəhər) mərhələsinin qalib komandaları və Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseyin komandası olmaqla 6 komanda iştirak edib.
Yarışın yekun nəticəsinə əsasən, Qazax rayonunun "Göyəzən" komandası I yer. Tovuz rayonunun "Zəka" komandası II yer, Şəmkir rayonunun eyni adlı " Şəmkir" komandası III yerə layiq görülüblər. Qalib komandalar kubok və medallarla mükafatlandırılıb.
Qeyd edək ki, çempionatın keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək və onların müxtəlif sahələrdə dərin biliklərə sahib olmalarını dəstəkləməkdir.