Buraxılış imtahanları: Riyaziyyatdan nəticələr çox aşağıdır

Buraxılış imtahanları: Riyaziyyatdan nəticələr çox aşağıdır

Buraxılış imtahanının statistik nəticələrə əsasən, Azərbaycanda abituriyentlərin riyazi bilikləri ürəkaçan səviyyədə deyil. Bu açıqlamanı Dövlət İmtahan Mərzkənin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə verib. İbtidai sinifdən tədris olunan riyaziyyatın zəif qavranılmasının səbəbi nədir? Səbəblər barədə elm və təhsil eksperti Rizvan Fikrətoğlu danışıb. O bildirdi ki, riyaziyyat fənnini qavramaqda yaranan çətinlik təlim prosesi ilə əlaqədardır:

“Elmlərin açarı adlandırılan riyaziyyat fənnini qavramağda çətinliyimiz var. 9 və ya 11 il ərzində şagirdə elementar riyazi təfəkkür verilmirsə, bu, acınacaqlıdır. Bunu buraxılış imtahanlarında qeydə alınan nəticələr əsasında daha aydın görə bilirik. Hər il buraxılış imtahanında iştirak edən şagirdlərin, demək olar ki, yarısı riyaziyyat fənnindən “0” qiymət alır. Bu, bir qədər kurikulumun tətbiqinin zəif olması, orta məktəblərdə çalışan riyaziyyat müəllimlərinin yüksək nəticə ilə qəbul edilməməsi, dərsliklərdəki problemlər və digər amillərlə bağlıdır.

Bu “bir qədərlər” toplanılaraq aşağı nəticələrə yol açır. Nəzərə alsaq ki, imtahanlarda qənaətbəxş nəticə göstərən şagirdlər repetitorların məhsuludur. Müəllimlərin işə qəbulu zamanı riyaziyyat müəllimlərinin, eləcə də ibtidai sinif müəllimlərinin riyaziyyat fənnindən nəticələrinin aşağı olduğunu görürük.

Mənzərə belədir: şagird müəlliminə oxşayıb. Başqa cür də mümkün deyil. Eyni halı sertifikasiyada da görürük”.

“Təhsildə kişi müəllimlərinin azalması da bu amili qüvvətləndirir”, -deyə R.Fikrətoğlu vurğulayıb.
 

Oxşar xəbərlər