Azərbaycanda son vaxtlar fırıldaqçıların ən çox istifadə etdiyi metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
“Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır. Qeyd olunan məlumatların açıqlanması nəticəsində ödəniş kartında olan vəsaitlər fırıldaqçılar tərəfindən oğurlana bilər”, - deyə məlumatda qeyd olunub.