Nadir İsrafilov: “Bakı təhsilinə yeni müdir təyinatını uğurlu addım hesab edirəm”

Nadir İsrafilov: “Bakı təhsilinə yeni müdir təyinatını uğurlu addım hesab edirəm”

"Kristal TV" TehsilForumu.Az- istinadən bildirir ki, 50 illik pedaqoji fəaliyyətimin Nəsimi RTŞ-də 5 il müdir vəzifəsi də daxil olmaqla, nə az, nə çox, düz 20 ilini Bakı təhsilinə həsr etmiş və son olaraq bu idarədə “Strateji təhlil və Planlaşdırma” sektorunun müdiri vəzifəsində çalışmış bir şəxs kimi daim mənə son dərəcə doğma və əziz olan Respublika təhsilində flaqman rolunu oynayan bu idarənin fəaliyyəti ilə daim maraqlanmış, onun rəhbərliyinə kimin təyin olunacağını səbirsizliklə gözləmişəm.

 

Respublika o cümlədən paytaxt məktəblərində son günlərdə gedən proseslər Bakı Şəhəri üzrə Təhsil idarəsində də yeni dəyişikliyi labüd edirdi. Hesab edirəm ki, bu yeni təyinat vaxtında və düşünülmüş addımdır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni müdiri təhsil sahəsinə yad bir şəxs deyil. Nərminə Hüseynova 2016-cı ildən Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin, daha sonra Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri işlədiyi dövrlərdə beynəlxalq qiymətləndirmələr, ümumi təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və məzmun islahatları sahələrində çalışıb.

O həmçinin Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunda Strateji planlaşdırma və beynəlxalq əlaqələr şöbəsində, Dünya Bankının təhsil sektorunun inkişafı üzrə layihəsində çalışıb, kifayət qədər təcrübəyə yiyələnərək püxtələşib.2020–2023-cü illərdə Elm və Təhsil Nazirliyində Aparat rəhbərinin müavini olaraq çalışan Nərminə Hüseynova 2023-cü ilin oktyabr ayından MÜTDA-nın direktor müavini kimi fəaliyyət göstərib.

Məlum olduğu kimi, 2021-ci ildə cənab Prezidentin müvafiq Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Nazirlik bu prosesi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, regional idarələr və Bakı Şəhəri üzrə Təhsil İdarəsi vasitəsilə idarə edir. İdarəetmənin daha səmərəli hala gətirilməsi üçün BŞTİ-nin strukturu da regional idarələr kimi rayon təhsil sektorları formatına uyğunlaşdırılmasının vaxtı artıq gəlib çatıb. İnanıram ki, yeni çağırışlar və komanda ilə ciddi işlərə imza atılacaq. Bakı Şəhəri üzrə Təhsil idarəsi həm paytaxtda yerləşməsi, həm də tabeliyində olan ümumi təhsil müəssisələrinin sayına görə ən böyük təhsil strukturuna sahibdir. Bu səbəbdən buraya xüsusi diqqət və daim nəzarət ən başlıca gözləntilərimizdəndir.

Qarşıda Bakı şəhəri üzrə təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsi, şagird davranış qaydalarının tətbiqi, tədris keyfiyyətinin artırılması və müəllimlərin sertifikatlaşdırma imtahanlarına hazırlığı və bir çox həllini gözləyən digər məsələlərə bağlı mühüm işlər var. Ümid edək, və əminlik bildirək ki, Nərminə Hüseynova ona göstərilən bu yüksək ettimadı layiqincə doğruldacaq, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək. Bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilən Mehriban Vəliyevanın öz təcrübəsi ilə ona verəcək dəstəyi də heç şübhəsiz ki, ümumi ışin uğuruna təsirsiz ötüşməyəcək.

Oxşar xəbərlər