“Açıq Qapı” günləri: məktəb, valideyn və şagird əməkdaşlığında yeni mərhələ

“Açıq Qapı” günləri: məktəb, valideyn və şagird əməkdaşlığında yeni mərhələ

Tovuz şəhər Adil Qasımov adına tam orta ümumtəhsil məktəbində “Açıq Qapı” günləri: əməkdaşlıqda nümunəvi yanaşma

Qazax–Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz şəhər Adil Qasımov adına tam orta ümumtəhsil məktəbində təşkil olunan “Açıq Qapı” günləri məktəb, valideyn və şagird arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu təşəbbüs çərçivəsində valideynlər məktəb mühiti ilə yaxından tanış olur, dərslərdə iştirak edərək tədris prosesini yerində izləyirlər. Onlar övladlarının dərsə münasibətini, bilik səviyyəsini və sinifdaxili fəallığını müşahidə etməklə yanaşı, müəllimlərin tətbiq etdiyi müasir tədris metodları haqqında da ətraflı məlumat əldə edirlər.

“Açıq Qapı” günləri eyni zamanda məktəbin maddi-texniki bazasının təqdimatı baxımından da önəmlidir. Valideynlər kitabxana, yeməkxana, sinif otaqları və sanitar-gigiyenik şəraitlə yaxından tanış olaraq məktəbdə yaradılmış mühit barədə dolğun təsəvvür formalaşdırırlar.

Görüşlər zamanı valideynlər məktəb rəhbərliyi, psixoloq və müəllim heyəti ilə birbaşa ünsiyyət qurur, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparır, övladlarının təlim-tərbiyə prosesi barədə geniş məlumat əldə edirlər. Bu isə qarşılıqlı anlaşmanın və etimadın daha da möhkəmlənməsinə səbəb olur.

Valideyn, müəllim və şagird arasında formalaşan bu əməkdaşlıq mühiti şagirdlərin akademik nailiyyətlərinə, intizamına və ümumi inkişafına müsbət təsir göstərir. Şagirdlər valideynlərinin məktəb həyatında aktiv iştirakını gördükcə daha məsuliyyətli olur, dərslərə maraqları artır və uğur qazanmağa daha çox həvəslənirlər.

Xüsusilə qeyd olunmalıdır ki, məktəbdə bu cür layihələrin davamlı şəkildə təşkil olunması və hər zaman öncül təşəbbüslərlə çıxış etməsi sevindirici haldır. Bu yanaşma təhsil müəssisəsinin inkişaf yönümlü fəaliyyətinin və yeniliklərə açıq olmasının bariz nümunəsidir.

Ümumilikdə, “Açıq Qapı” günləri məktəbdə şəffaflığın təmin olunmasına, valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsinə və daha keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına mühüm töhfə verir.


Oxşar xəbərlər