Bu gün sizlərə Tovuz rayonu, Bayramlı kəndində yerləşən Zahir Yusifov adına tam orta ümumtəhsil məktəbi haqqında daha ətraflı məlumat təqdim edirik.
1989-cu ildən fəaliyyət göstərən məktəb 220 şagird yerlik olsa da, hazırda burada 240 şagird təhsil alır. Şagirdlərin keyfiyyətli və hərtərəfli təhsil alması üçün 30 nəfərdən ibarət müəllim kollektivi böyük əzmlə fəaliyyət göstərir.
Məktəbin uğurlarını sadalamaq kifayət qədər vaxt aparar. Lakin xüsusi olaraq qeyd etmək lazımdır ki, burada şagirdlərin erkən yaşlardan bilik və bacarıqlara yiyələnməsi, vətənpərvər ruhda formalaşması üçün bütün imkanlar səfərbər olunub. Ömrünü bu şərəfli peşəyə həsr etmiş müəllimlər öz peşəkarlıqları və fədakarlıqları ilə seçilirlər. Təbii ki, əldə olunan uğurların əsasında həm ciddi iş rejimi, həm də sağlam rəhbərlik və kollektiv münasibətləri dayanır.
2024-cü ildən məktəbə rəhbərlik edən direktor Zeynalova Bahar Bayram qızının fəaliyyəti dövründə təhsil müəssisəsində nəzərəçarpacaq inkişaf müşahidə olunur. Onun rəhbərliyi ilə məktəbdə tədrisin keyfiyyəti daha da yüksəlib, şagirdlərin nailiyyətləri artıb.
Məktəbdə tədris prosesi yüksək səviyyədə təşkil olunub. Sinif otaqlarında nizam-intizam, müəllim-şagird münasibətlərində qarşılıqlı hörmət açıq şəkildə hiss olunur. Məktəb rəhbərliyinin tətbiq etdiyi “qızıl üçbucaq” sistemi isə xüsusi diqqət çəkir. Bu sistem çərçivəsində valideynlər dərs prosesində iştirak edə bilirlər ki, bu da həm şagirdlərin məsuliyyətini artırır, həm də valideyn nəzarətini gücləndirir. Nəticədə şagirdlər dərslərə daha ciddi yanaşır və imtahanlara hazırlıq prosesində psixoloji gərginlik yaşamırlar.
Eyni zamanda məktəbin keçmiş uğurlu məzunları mütəmadi olaraq məktəbə dəvət edilir. Onlar hazırkı şagirdlərlə görüşərək öz uğur hekayələrini bölüşür, təhsilin həyatlarında oynadığı roldan bəhs edirlər. Bu görüşlər şagirdlər üçün güclü motivasiya mənbəyinə çevrilir və onların gələcəyə baxışını daha da formalaşdırır.
Məktəbin şagirdləri hər il bilik yarışlarında yüksək nəticələr əldə edir, məzunlar isə yüksək ballarla ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunurlar. Bu uğurlar məktəbdə aparılan sistemli və məqsədyönlü işin nəticəsi kimi qiymətləndirilir.
İdman sahəsində də məktəb öz sözünü deyir. Cari ildə məktəbin idmançı şagirdləri müxtəlif yarışlarda uğurla çıxış edərək medal, fəxri fərman və diplomlarla təltif olunublar.
Məktəbin direktoru Bahar Zeynalova bizimlə söhbətində xüsusi olaraq vurğuladı ki, təhsil sahəsində əldə olunan bütün uğurların əsasında dövlət dəstəyi dayanır. O, dövlət tərəfindən göstərilən diqqət və qayğının məktəbin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, buna görə dövlət başçısına dərin minnətdarlığını bildirdi. Eyni zamanda Qazax-Tovuz Regional Təhsil İdarəsinin fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən dəstəyin düzgün istiqamətləndirilməsinin və nəzarət mexanizmlərinin əhəmiyyətini vurğuladı.
Direktor onu da bildirdi ki, 2025–2026-cı tədris ilinin sonunda məktəbi bitirəcək 11-ci sinif şagirdlərinin böyük əksəriyyətinin ali təhsil müəssisələrinə qəbul olunacağı gözlənilir. Bu isə məktəbdə aparılan tədrisin keyfiyyətinin bir daha göstəricisidir.
Şagirdlərin valideynləri ilə apardığımız söhbətlər zamanı onların məktəbdə yaradılmış şəraitdən olduqca razı olduqları müşahidə edildi. Valideynlər həm yüksək tədris mühitinə, həm də müəllim kollektivinin zəhmətinə görə öz təşəkkürlərini ifadə etdilər. Onlar övladlarının təhlükəsiz və keyfiyyətli mühitdə təhsil almasından məmnun olduqlarını bildirdilər.
Sonda çəkiliş üçün yaradılan şəraitə görə “Kristal TV” olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə eyni zamanda Tovuz rayonu təhsil sektorunun rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.