Tovuzun Ağdam kəndində Naiq Yusifov adına məktəbdə təhsilin keyfiyyəti və uğurlar yüksəlir

Tovuzun Ağdam kəndində Naiq Yusifov adına məktəbdə təhsilin keyfiyyəti və uğurlar yüksəlir

Əməkdaşlarımız Tovuz rayonu Naiq Yusifov adına Ağdam kənd tam orta ümumtəhsil məktəbində olub, təhsil ocağının fəaliyyəti ilə yaxından tanış olublar.

Zəngin tarixə malik olan bu təhsil müəssisəsi 1928-ci ildən yeddillik məktəb kimi fəaliyyətə başlamış, 1976-cı ildən etibarən orta məktəb statusu alaraq regionun təhsil həyatında mühüm rol oynamağa başlamışdır. Hazırda məktəb üç korpusdan ibarətdir. Bu binalar 1976, 1990 və 2004-cü illərdə tikilərək istifadəyə verilmişdir. 1992-ci ildən məktəb Azərbaycanın Milli Qəhrəmanı Naiq Nəsir oğlu Yusifovun adını daşıyır və bu, kollektiv üçün böyük qürur mənbəyidir.

2004-cü ildə məktəbdə əsaslı təmir işləri aparılmış, maddi-texniki baza gücləndirilmiş və şagirdlərin daha keyfiyyətli təhsil alması üçün geniş imkanlar yaradılmışdır.

Məktəb 264 yerlik olsa da, hazırda burada 185 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Bundan əlavə, 13 nəfər texniki işçi məktəbin gündəlik fəaliyyətinə öz töhfəsini verir. Bu kollektivin birgə fəaliyyəti nəticəsində məktəbdə sağlam və səmərəli təhsil mühiti formalaşıb.

Məktəbdə şagirdlərin bilik və bacarıqlarının inkişafı, onların vətənpərvər ruhda yetişməsi əsas prioritetlərdəndir. Müəllim kollektivi bu istiqamətdə böyük əzmlə çalışır və əldə olunan nəticələr bunu bir daha təsdiqləyir.

2023-cü ildən məktəbə rəhbərlik edən direktor Musayev İlhaməddin Fərhad oğlu qısa müddətdə təhsil ocağında mühüm yeniliklərin tətbiqinə nail olub. Onun rəhbərliyi ilə tədris prosesi daha səmərəli təşkil olunub, müəllim-şagird münasibətləri gücləndirilib, valideynlərlə əməkdaşlıq genişləndirilib.

Məktəbdə tətbiq olunan “qızıl üçbucaq” sistemi – məktəb, müəllim və valideyn əməkdaşlığı – xüsusi diqqət çəkir. Bu sistem çərçivəsində valideynlər dərs prosesində iştirak edərək övladlarının təhsilinə daha yaxından nəzarət edə bilirlər. Bu yanaşma şagirdlərin məsuliyyət hissini artırır və onların imtahanlara daha hazırlıqlı olmasına müsbət təsir göstərir.

Direktorun təşəbbüsü ilə məktəbin uğurlu məzunları tez-tez məktəbə dəvət olunur. Onlar öz təcrübələrini şagirdlərlə bölüşərək gənclər üçün motivasiya mənbəyinə çevrilirlər.

Məktəbin şagirdləri hər il bilik yarışlarında, olimpiada və müsabiqələrdə uğurla çıxış edir, məzunlar isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunurlar. Ötən ilin nəticələrinə əsasən, 8 məzundan 3-ü universitetlərə, 1-i Dövlət Sərhəd Xidməti Akademiyasına, 3-ü isə kolleclərə qəbul olunub.

İdman sahəsində də məktəb fəallığı ilə seçilir. Bu il şagirdlər müxtəlif yarışlarda uğur qazanaraq medal, fəxri fərman və diplomlarla təltif olunublar. Məktəbin mini-futbol komandası isə 2023–2024-cü tədris ilində rayon üçüncüsü olub.

Qeyd edək ki, qarşıdan “Son zəng” tədbiri gəlir. Bununla əlaqədar olaraq məktəbdə tədbirin təşkili ilə bağlı təlimatdan irəli gələn məsələlər də müzakirə olunub. Müzakirələr zamanı tədris keyfiyyətinin daha da yüksəldilməsi, şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və yekun tədbirin yüksək səviyyədə təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müsahibimiz direktor İlhaməddin Musayev bildirib ki, təhsil sahəsində əldə olunan bütün uğurların əsasında dövlət dəstəyi dayanır. Onun sözlərinə görə, ölkə rəhbərliyinin təhsilə göstərdiyi diqqət və qayğı region məktəblərinin inkişafında mühüm rol oynayır.

Direktor eyni zamanda Qazax-Tovuz Regional Təhsil İdarəsinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, göstərilən metodiki və təşkilati dəstək sayəsində məktəbdə yaranan çətinliklər operativ şəkildə aradan qaldırılır və tədrisin keyfiyyəti daha da yüksəldilir.

Sonda çəkiliş üçün yaradılan şəraitə görə “Kristal TV” olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlığımızı bildiririk.


Oxşar xəbərlər