Tovuz rayonu Asif Sadıqov adına Vahidli kənd tam orta ümumtəhsil məktəbi bölgədə təhsil sahəsində əldə olunan nailiyyətləri ilə seçilən təhsil müəssisələrindən biridir.
1967-ci ildən fəaliyyət göstərən məktəbdə hazırda 167 şagird təhsil alır. Təhsil ocağında 26 pedaqoji, 13 texniki işçi çalışır. Məktəbin ümumi tutumu isə 180 şagird yeridir. Burada şagirdlərin keyfiyyətli təhsil alması, bilik və bacarıqlarının inkişafı üçün hərtərəfli şərait yaradılıb.
Tədris prosesində müasir yanaşmaların tətbiqi, yeni metodlardan istifadə və müəllimlərin peşəkar inkişafı daim diqqət mərkəzində saxlanılır. Müəllim kollektivi təhsildə tətbiq olunan yenilikləri yaxından izləyərək onları dərs prosesində tətbiq edir.
Məktəbdə məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, bir neçə gün öncə VII siniflərdə “Açıq qapı” günü təşkil olunub və valideynlərin dərslərdə iştirakı təmin edilib. Bu təşəbbüs valideynlərin övladlarının təhsil prosesini yaxından izləməsinə, onların akademik və sosial mühitini daha yaxşı anlamasına şərait yaradır. Xüsusilə bu yaş dövründə şagirdlərin fərdiləşmə mərhələsinə qədəm qoyması valideyn nəzarətinin əhəmiyyətini daha da artırır.
01.05.2026-cı il tarixində məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib. İclasda Təhsil Nazirliyinin müvafiq təlimatına uyğun olaraq “Son zəng” tədbirinin məzmunlu, təhlükəsiz və yüksək səviyyədə təşkili məsələləri geniş müzakirə olunub. Qeyd edilib ki, şagirdlərin geyimi məktəbin nizam-intizam qaydalarına və tədbirin rəsmi formatına uyğun olmalı, eyni zamanda estetik, təhlükəsizlik və etik normalara cavab verməlidir. Bununla yanaşı, tədbirin mahiyyətinə uyğun bədii hissənin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.
2024–2025-ci tədris ilinin nəticələrinə əsasən, məktəbi bitirən 7 məzundan 2 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Məktəbin şagirdləri eyni zamanda respublika səviyyəli fənn olimpiadalarında iştirak edərək müxtəlif nailiyyətlər qazanırlar. Eyni zamanda 2025–2026-cı tədris ilinin sonunda məktəbi bitirəcək 11-ci sinif şagirdlərinin də bir çoxunun ali təhsil müəssisələrinə qəbul olunacağı gözlənilir.
Məktəbin direktoru Seyidov Vüsal Sakit oğlu bildirib ki, o, 2018-ci ildən bu vəzifədə fəaliyyət göstərir və məktəbin inkişafı istiqamətində kollektivlə birlikdə ardıcıl işlər aparılır. Onun sözlərinə görə, təhsil sahəsində tətbiq olunan yeniliklərin uğurla həyata keçirilməsi və effektiv nəzarət sisteminin qurulmasında Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Tovuz Rayon Təhsil Sektorunun dəstəyi xüsusi əhəmiyyət daşıyır.
Sonda çəkiliş üçün yaradılan şəraitə görə “Kristal TV” olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə eyni zamanda Tovuz rayonu təhsil sektorunun rəhbərliyinə öz təşəkkürümüzü bildiririk.