“Azərbaycan müəllimi” - Əliyeva Kamiylə İsfəndiyar qızı

“Azərbaycan müəllimi” - Əliyeva Kamiylə İsfəndiyar qızı

“Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyirdi ulu öndər Heydər Əliyev...  Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar.

İnsan ömrünün ən böyük hissəsi məhz məktəbdə keçir. İlk hərf yazmağından tutmuş, yaradıcılıq bacarıqlarının formalaşması, bir şəxsiyyətə çevrilməsi... bunların hamısı müəllimin gözü qarşısında baş verir... Bağban bitkiyə su verir, budayır, qulluğunda durur, vaxtı çatanda bar verəndə  necə sevinirsə, müəllimin də könlü ən az bağban qədər xoş olur... Çünki müəllimin barı ildən-ilə, nəsildən-nəslə ötürülür....

Onun “meyvə”ləri etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər...

İndi haqqında danışacağımız Əliyeva Kamiylə İsfəndiyar qızı kimi...

Kristal TV ömrünü şagirdlərə, məktəb mühitinə həsr etmiş, ziyalı ruhlu, saf qəlbli müəllimin zəngin həyat və yaradıcılıq yolunu təqdim edir:

29 sentyabr 1964-cü il - Goranboy rayonunun Səmədabad kəndində zəhmətkeş ailəsində anadan olmuşdur.

1972-1980-ci illər - doğulduğu kənddə orta təhsilini almışdır.

1980-ci il – 8-ci sinifdə oxuyarkən, məktəblər arasında keçirilən Riyaziyyat fənni üzrə olimpiadada iştirak etmiş və “Respublika birincisi” seçilmişdir.

1980-1982-ci illər – rayonun Kəhrizli kəndində 9-10-cu sinifləri oxuyaraq, orta təhsilini əla qiymətlərlə başa vurmuşdur.

1982-ci il – bütün dərsləri eyni sevgi ilə sevən Kamiylə xanım ailənin təzyiqi ilə Texnologiya Universitetinə qəbul olmuş, daha sonra, bir müddət Gəncə Qənnadı fabrikində çalışmışdır. Lakin hələ uşaq yaşlarından özünü məktəbdən kənarda təsəvvür etməyən, qanadı qırılmış kimi hiss edən həmsöhbətim istəmədiyi sahədə könülsüz şəkildə işləyə bilməyəcəyini anlayıb gecəsini gündüzünə qataraq yenidən ali məktəbə - Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai sinif müəllimliyi və Metodika” ixtisasına qəbul olur. Yalnız bundan sonra gələcəyə ümid və sevgi ilə baxmağa başlayır... Bütün ömrünü fidan balalara, onların formalaşmasına və gələcəyinə həsr edəcəkdi axı.. Beləliklə, 1990-2005-cı illər ərzində doğma kəndi olan Səmədabad kənd orta məktəbində kitabxanaçı vəzifəsində çalışmağa başlayır. Bu illər ərzində  uşaqlarda kitaba maraq, oxumaq həvəsi yaratmaqla yanaşı, özü də çoxsaylı kitablarla tanış olmaq imkanı qazanır.

Belə bir deyim var, “Mükəmməl müəllim öyrənməyi sevir”. Çünki müəllim şagirdinə ən böyük nümunədir. Onu öyrədənin özünün də həvəslə yeni şeylər öyrəndiyini, özünü təkmilləşdirdiyini görən şagird, şübhəsiz ki, o müəllimin izi ilə gedəcək...

2005-ci ildən indiyədək – Kamiylə müəllim güclü yaradıcılıq ruhu, şagirdlərlə ünsiyyət qurmaq bacarığı, onları motivasiya etmək qabiliyyəti nəzərə alınaraq, həmin məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsinə təyin olunur. O vaxtdan indiyədək sevdiyi sahədə böyük həvəslə çalışmaqdadır.  

“Uşaqları sevməmək əldə deyil, axı onlar bizim gələcəyimizdir, onlar yaşadığı müddətdə biz də yaşayacağıq,” deyən qəhrəmanımız hər gün işə sevinc hissi ilə yollanır. Məktəbi öz evi, şagirdləri doğma övladları qədər sevən müəllim hər şeydən əvvəl vətənpərvərliyi ilə seçilir. Bu, tək sözdə deyil, əməldə də özünü açıq-aşkar göstərir. Heç bir müəllimin məktəb üçün etmədiklərini edib Kamiylə müəllim, desək, tam yeridir... Şərəfli tariximiz olan 44 günlük Vətən Müharibəsində çalışdığı məktəbdən olan məzunlar əzmkarlıqla savaşa qatılırlar, xoşbəxtlikdən hamısı şərəfli tariximizin yazıldığı müharibədən sağ-salamat qayıdırlar. Bu münasibətlə, Kamiylə müəllim onların şərəfinə öz şəxsi hesabına “Cəsur döyüşçülər” adlı foto-stend ərsəyə gətirir. Bundan başqa, kəndin müharibə iştirakçılarının, qazilərin şəkillərini tək-tək, ev-ev dolaşıb əldə edərək, albom tərtib etmiş və xüsusi tarixi günlərdə şagirdlərə nümunə olaraq göstərərək, onlara yüksək vətənpərvərlik hissi aşılayır.

Onun uşaqların iştirakı ilə hazırladığı “Zəfər Günü”nə həsr olunmuş tədbiri nəinki kənddə, eyni zamanda rayon səviyyəsində çox bəyənilir. Bununla bağlı rayon icra hakimiyyəti başçısı məhz həmin kompozisiyaya görə, Səmədabad kənd orta məktəbinə “Təşəkkürnamə” göndərmişdir.

  Bundan əlavə, şagirdlərin sevimlisi olan Kamilə müəllim onların pis vərdişlərdən uzaq olması məqsədilə daim söhbətlər aparır, ana nəvazişi göstərərək xüsusi qayğı ilə yanaşır. Goranboy rayonunda, Gəncə şəhərində və digər ətraf bölgələrdə olan tarixi yerlərə ekskursiyalar təşkil etməklə doğma diyarı şagirdlərə tanıtmış və sevdirmişdir.

“Onların gözlərində məsum sevinci görəndə bütün dərdlərimi unuduram” deyən müəllimlə müsahibə zamanı əmin oldum ki, bu qədər geniş ürəyə sahib, peşəsinə tam səmimiyyəti ilə vurğun olan ikinci bir müəllim yoxdur  dövrümüzdə...

Müsahibimizin fəaliyyəti məktəblə yekunlaşmır. O, ictimai-siyasi işlərdə də xüsusi aktivlik nümayiş etdirir, 2014-cü ildən 96 saylı Goranboy Mərkəzi Seçki Dairəsinin 24 saylı Səmədabad Seçki Məntəqəsinin sədri vəzifəsini qürurla icra edir. Bu sahədə də səmərəli fəaliyyətinə görə xüsusilə seçilən Kamiylə müəllim, həmçinin  Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. Hər zaman axtarışda olan qəhrəmanımız daim üzərində işləyir, istər pedaqoji, istərsə də təşkilati işlərin öhdəsindən layiqincə gəlir.

Qeyd edək ki, Kamiylə Əliyeva 18 fevral 2024-cü ildə ölkənin ən qabaqcıl sosial platforması olan “Təhsil Forumu”nun təşkilati dəstəyi ilə "Beynəlxalq Ana Dili Günü"-nə həsr olunmuş "Ana Dilimiz Dövlətçilik Simvolumuzdur" mövzusunda keçirilən Forumda da iştirak etmiş və sertifikata layiq görülmüşdür.

Əziz müəllim! Şübhəsiz, nümunəvi davranışınız, insani keyfiyyətiniz əsl müəllim obrazının simvoludur. Bunu görməmək, qiymətləndirməmək qeyri-mümkündür... “Kristal TV” olaraq, biz də Sizə can sağlığı, uzun ömür və şagird sevgisi ilə zəngin olan qəlbinizin var olmasını diləyirik!

Aymirə İsmayılqızı

 


Oxşar xəbərlər