1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qərara alınıb.
Təşkil edilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb.
Kristal TV bildirir ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkə rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu il "Uşaq ili" elan edib.
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü” ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə şəhid övladları, müharibə əlillərinin övladları, rayonun təhsil müəssisələrinin uşaq fəaliyyət qrupları və rayonun balaca sakinləri iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tovuz RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova uşaqlara Tovuz Rayon İcra Hakimiyyəti başçısının təbriklərini çatdırmışdır. Bildirmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük rolu vardır. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik edirik, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.
Tədbir uşaqlar üçün hazırlanan bədii hissədə rayonun mədəniyyət işçilərinin ifasında konsert təşkil edilib. Tədbirdə uşaqların ifasında rəqslər,idman yarışları, rəsm və əl işi sərgiləri təşkil olunub. Tədbirdə iştirak edən şəhid və müharibə əlillərinin övladlarına hədiyyələr təqdim olunmuş, onlara bayram süfrəsi və əyləncəli atraksionlardan istifadəsi təşkil edilmişdir.