Bu gün müəllimlər cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara böyük hörmət və ehtiram var. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini, sevigisini, qayğısını əvəz edə bilməz. Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.
Kristal TV-nin “Azərbaycan müəllimi” layihəsinin bu dəfəki qəhrəmanı ömrünün 30 ilini müəllimliyə həsr etmişdir. Peşəsinə olan vurğunluğunu, demək olar ki, hər cümləsində hiss etdirən Muradova Mehriban Rəsul qızının yaradıcılıq tarixçəsini təqdim edirik:
- 1975-ci il fevralın 20-də Gənc şəhərində dünyaya göz açmışdır.
- Hələ uşaqkən həmyaşıdlarından seçilən Mehriban müəllimə, liderlik qabiliyyəti, idarəçilik bacarığı ilə fərqlənirdi, bəlkə də, onun bu özəlliyi idi ki, onu gələcəkdə fidan balaların üzərində rəhbər etdi.. Bir gün belə olsun hazırlıqsız dərsə getməyən müsahibimiz 1992-ci ildə Gəncə şəhər K.D Uşinski adına 29 saylı tam orta məktəbi əla qiymətlərlə başa vurmuş, elə həmin ildə də Gəncə Dövlət Pedaqoji Universitetinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə Pedaqoji fakültəsinə daxil olmuşdur.
- 1994-cü ildə Gəncə şəhəri, M.Füzuli adına 22 saylı tam orta məktəbdə UBR kimi, 1998-ci ildən isə İbtidai sinif müəllimi kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə ali təhsilini başa vurmuşdur.
Hal-hazırda 30 illik pedaqoji iş stajı var. Lakin onun pedaqoji fəaliyyəti məktəblə məhdudlaşmır, o, bir çox təlimlərdə aktiv iştirak etmiş, sayını belə unutduğu çoxsaylı sertifikat, diplom və fəxri fərmanlara layiq görülmüşdür.
-2021-ci ildə müəllimlər üçün keçirilən Sertifikasiya imtahanından uğurla keçmişdir. Sanki hər zaman qalib olmaq, heç vaxt uduzmamaq, həmkarlarından nəinki geri qalmamaq, hətta daim irəlidə olmaq Mehriban müəllimənin həyat amalıdır.
Adı kimi özü də mehriban xarakterə malik olan həmsöhbətim eyni zamanda 2018-ci ildən indiyədək “Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi”ndə Təlimçi-müəllim kimi fəaliyyət göstərməkdədir.
- 2021-2022-ci tədris ilində E-Twinning layihələrində iştirak edərək Avropa məktəbləri ilə əməkdaşlıq etdiyinə görə, Fəxri Fərmanla təltif edilmiş və həmin layihədə birincilik əldə etmişdir.
- 2018-ci ildə “Kəpənək” uşaq jurnalında “Biz təbiətin dostlayırıq” adlı məqaləsi işıq üzü görmüşdür. Həmin məqalə ənənəvi müəllim-şagird münasibətlərini alt-üst edərək, əslində, şagirdə övlad gözü ilə baxmaq hissini aşılayırdı...
- 2023-cü ildə ölkənin ən qabaqcıl Sosial Platforması olan “Təhsil Forumu” tərəfindən “Fəal müəllim” fəxri diplomu ilə təltif edilmişdir.
- 2024-cü ildə “Təhsil Forumu” Sosial Platforması tərəfindən “Təhsil fəalı” medalı ilə, vəsiqəsi ilə təltif olunmuşdur. (Spikerlər: Misir Mərdanov, Nadir İsrafilov və s.)
Təhsil sahəsindəki uğurlu fəaliyyəti ilə yanaşı, media ilə də sıx əməkdaşlıq edən Muradova Mehriban Rəsul qızı “Kristal TV”nin fəal üzvlərindəndir.
Hazırda Gəncə şəhəri, M.Füzuli adına 22 saylı tam orta məktəbdə 3B sinfinin rəhbəri olan Mehriban müəllimənin şagirdlərinə olan sevgisini ifadə etməkdə sözlər belə acizdir. O, dərsləri bacardıqca ən maraqlı üsullardan istifadə etməklə tədris edir, elə buna görədir ki, şagirdlərin diqqəti bir an olsun, dərsdən yayınmır, hətta “kiçik bağın çiçəkləri” müəllimlərindən heç ayrılmaq istəmir, onunla dərsdənkənar ictimai fəaliyyətlərdə də yaxından iştirak etməyi özlərinə borc bilirlər.
Qeyd edək ki, Mehriban Muradova yüksək İKT bilik və bacarıqlarına malikdir, həmçinin məktəbin təşkilati və ictimai işlərində rəhbərlik etdiyi sinfin şagirdləri ilə birgə daim uğurlara imza atır. “Sinfinin çiçəkləri” ilə vaxt keçirməkdən böyük zövq alan, bildiklərini daim onlarla bölüşən qəhrəmanımız həm də gözəl əl qabiliyyəti ilə seçilir...
Dövrümüzdə gələcəyimiz olan fidan balalara anaya, Vətənə, təbiətə, bütün insanlara qarşı sevgini, hörməti bu cür səmimiyyətlə, hərarətli nəfəsi ilə, nurlu siması ilə çatdıran müəllimə ikinci dəfə həyat şansım olsa, yenə müəllim olardım, deyir.
Ümumiyyətlə, peşəsindən asılı olmayaraq, hər kim ki, işinə sevgi ilə yanaşır, o, mütləq əməyinin bəhrəsini görəcəkdir.. Odur ki, Mehriban Muradovanın sonsuz sevgi ilə yanaşdığı Müəllimlik peşə fəaliyyətini işıqlandırmaqda fayda var. O deyir: “Yaxşı təhsil verməliyik ki, əla da nəticəmiz olsun, şagirdlərimlə qürur duyuram...”.
Kristal TV olaraq biz də fədakar, sevgi dolu Mehriban Muradovaya uğurlar diləyir, şərəfli fəaliyyətində bol nailiyyətlər arzulayırıq.