Peşələr arasında ən çətini, ən məsuliyyətlisi və ən şərəflisi olan müəllimliyi özünə həyat amalı bilən Aydan Xubyarova dayanmaq bilmədən üzərində işləyir, öyrəndiklərini böyük zövqlə öyrədir... Şanlı müəllim ordusunun bütün pillələrindən şərəflə keçən respondentimiz orta və ali təhsil alarkən, sıravi müəllimlikdən tutmuş, rektora qədər, hətta təhsil nazirinin, təhsillə bağlı beynəlxalq tədbirlərdə əcnəbilərin belə diqqətini üzərinə çəkməyi bacarmışdır. Onun nümunəvi yaradıcılıq yolunu təqdim edirik:
Xubyarova Aydan Cavanşir qızı.
23 may 1992-ci il - Şabran rayonu Qəndab kəndində anadan olmuşdur.
1998-2009-cu illər - Qəndab tam orta məktəbində orta təhsil almışdır. Burada oxuduğu illər ərzində bir çox nailiyyətlərə imza atmışdır. Şeir müsabiqələrində, məktəblər arasında keçirilən müxtəlif Respublika Fənn Olimpiadalarında birincilik qazanmışdır. Həmin müddətdə ən böyük uğuru 2009-cu il Respublika üzrə Tarix fənni üzrə Respublika çempionu olmuş və sabiq Təhsil Naziri Misir Mərdanov tərəfindən təltif edilmişdir. Bu uğuruna görə Attestat imtahanlarından azad olunan Aydan Xubyarova elə həmin il – 2009-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Ali təhsilini də uğurla bitirən qəhrəmanımızın qiymətləri yüksək olduğuna görə, rektorun əmri ilə dövlət imtahanlarından azad edilmişdir. Hələ tələbəlik illərində 2012-2013-cü ildən pedaqoji fəaliyyətə başlamış, “Araz” hazırlıq kurslarında tarix müəllimi kimi çalışmışdır. Həmçinin, Şabran rayon Pirəmsən kənd tam orta məktəbində analıq məzuniyyəti əvəzinə müqavilə əsasında tarix dərsini tədris etmişdir. Bundan başqa, 17 yaşından bu günədək repititorluqla məşğuldur.
Qeyd edək ki, Aydan Xubyarovanın ixtisas olaraq məhz Tarix fənnini seçməsi təsadüfi deyildir. Onun atası Cavanşir Quliyev 2004-cü ildən bəri Prezidentin müvafiq fərmanı ilə Respublikanın “Əməkdar Tarix müəllimi” adına layiq görülmüşdür. Tarix fənni üzrə peşəsini sevməyində əsas atasının böyük rolu vardır, həm müəllimi, həm də atasıdır. Ali təhsilini başa vurduqdan sonra bir neçə il repititorluqla məşğul olmuş, 2016-cı ildə isə MİQ imtahanından keçərək 56 bal toplamış (ixtisas üzrə 100% nəticə) və Bakı şəhəri Qaradağ rayonu 180 nömrəli tam orta məktəbə daxil olmuşdur.
Hərbçi ailəsi olması ilə əlaqədar “Yerdəyişmə” imtahanı vermiş, həmin imtahandan 55 bal toplayaraq Bakı şəhəri 158 nömrəli məktəbə yerdəyişmə olunmuşdur. paytaxtın ən böyük məktəblərindən biri olan bu tədris ocağında işlədiyi müddətdə bir çox uğurlara imza atmışdır.
2017-ci ildən həmçinin “Bumerang” Tədris Mərkəzində də Tarix müəllimi kimi fəaliyyətə başlamışdır.
2019-cu ildə OSEP layihəsi çərçivəsində 158 nömrəli məktəb İtaliya məktəbi ilə “qardaşlaş”mışdır. Müsahibimiz İtaliya səfirliyinin də iştirak etdiyi beynəlxalq layihəyə həsr olunmuş tədbirdə uğurlu pedaqoji fəaliyyətinə görə sertifikata layiq görülmüşdür.
2020-ci ildə Gənclər və İdman Nazirliyi, YAP-ın Gənclər Birliyi və Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) tərəfindən elan edilən “İlin Gənc müəllimi” müsabiqəsində iştirak etmiş və finala qədər yüksəlmiş və bununla bağlı serfitikata layiq görülmüşdür.
Bundan başqa, məktəbdə fənn tədris etdiyi müddətdə çoxsaylı tədbirlərdə fəallığı ilə seçilmiş, bütün tarix müəllimlərinə nümunə olacaq “Açıq dərs” keçmişdir. Aydan Xubyarovanın yüksək səviyyəli İKT biliklərinə malik olması və dərslərdə tətbiq etmək bacarığı onun dərslərini daha da yaddaqalan etmişdir. Dərsdənkənar fəaliyyəti də tarix fənnini şagirdlərə sevdirən, əyani şəkildə hiss etdirən təhsilverən, bu illər ərzində “yoruldum” demədən uşaqları ekskursiyalara aparmışdır.
“Tarix fənninin tədrisindən böyük zövq alıram” deyən həmsöhbətimiz, həm də uşaqlarda yüksək vətənpərvərlik hissini oyatmağa nail olmuşdur. “Tarixini bilməyən xalq tarix yaza bilməz” şüarı dilindən düşməyən Aydan müəllim gələcəyimiz olan gənclərə, ilk növbədə, Vətən sevgisini aşılamaqdadır. Şübhəsiz, sevgi olan yerdə hörmət də olur, zəhmət də. Tarix fənnini müasir texnoloji imkanlardan istifadə edərək keçdiyi üçün şagirdlərdə əzbərçilikdən uzaq, qavrayaraq öyrənmə, bilikdən öncə bacarıqlarının inkişaf etdirilməsini üstün tutur.
2022-ci ildə Respublikanın “Əməkdar müəllimi” Nərgiz Həsənova tərəfindən keçirilən “Kurikulum təlimçisi” kursunu uğurla bitirmiş və Beynəlxalq Dərəcəli Sertifikata layiq görülmüşdür. Beləliklə, həmin ildən indiyədək yeni ixtisasa – “Kurikulum”a dərindən yiyələnmiş və“Kurikulum təlimçisi” kimi fəaliyyətini davam etdirməkdədir. Paralel olaraq, 4 ildən artıqdır ki, Tarix fənni üzrə onlayn şəkildə repititorluq edir, abituriyent hazırlığı, MİQ-ə sertifikayasiyaya hazırlaşan müəllimlər üçün uğurlu təlimlər keçir.
Onu da vurğulayaq ki, yaşı az olmasına baxmayaraq, Aydan Xubyarovanın fasiləsiz olaraq zəngin pedaqoji fəaliyyətlə məşğul olması, nailiyyətlər əldə etməsində ailəsinin də dəstəyi böyükdür. Yuxarıda qeyd etdiyimiz kimi, ziyalı ailəsində böyümüş, atası da Tarixçi olmuş, “Respublikanın Əməkdar Tarix Müəllimi” adına layiq görülmüşdür, eyni zamanda Bakı şəhəri 158 nömrəli tam orta məktəbin tarix müəllimi olmuş qaynatası Babək Xubyarov də “Respublikanın Əməkdar Tarix Müəllimi” adına layiq görülmüş və bir çox tarix dərsliklərinin müəllifi kimi tanınmışdır. A.Xubyarovanın həm atası, həm də qaynatası Tarix elmləri üzrə xüsusi fəaliyyətlər göstərmiş, Müəllimlərin, demək olar ki, bütün qurultaylarında fəal şəkildə iştirak etmişlər. Ziyalılar əsl ziyalı yetişdirmiş, - desək tam yerinə düşər.
2020-ci ilin sentyabr ayından Türk litseyi olan “Dəyanət”in “Hilal” kurslarında ailə vəziyyəti ilə əlaqədar olaraq bir il müddətində tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
2023-cü il – Müəllimlərə hər zaman dəstək olub, onların əməyini qiymətləndirən, təhsilverənlərdə stimul yaradan, ölkənin ən qabaqcıl sosial platforması “Təhsil Forumu”nun “Fəxri Müəllim” Fəxri Diplomuna layiq görülmüşdür.
2023-cü il – Kristal TV-nin “DOSTUM” Media Mükafatı ilə təltif olunmuşdur.
Biz də Kristal TV olaraq Gənc müəllimə uğurlar diləyir, gələcək fəaliyyətində bol-bol uğurlar arzulayırıq.