Əmrah Həsənli: müəllim nüfuzu zinət əşyaları ilə ölçülməməlidir.

Əmrah Həsənli: müəllim nüfuzu zinət əşyaları ilə ölçülməməlidir.

 

Kristal Tv-ə yayımlandıqdan sonra sosial şəbəkələrdə yayılan bir video ölkənin təhsil cameəsində və ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. Tovuz rayonunun Əlimərdanlı kənd tam orta məktəbində fəaliyyət göstərən müəllimə Günel xanıma valideynlər tərəfindən zinət əşyası təqdim olunması faktı cəmiyyətin diqqətini haqlı olaraq bu məsələyə yönəldib. Tədbir məktəbdə keçirilməsə də, onun məzmunu, təqdimatın formatı və ictimaiyyətə təqdim olunma forması təhsil etikasının ciddi şəkildə pozulması kimi qiymətləndirilməlidir.

 

Müəllimlərə təşəkkür və minnətdarlıq bildirmək gözəl və dəyərli bir ənənədir. Hər bir vicdanlı pedaqoq, əgər şagirdlərinə həqiqətən bilik verir, onların tərbiyəsində fədakarcasına iştirak edirsə, cəmiyyət tərəfindən hörmətlə qarşılanmalıdır. Lakin bu hörmətin və təşəkkürün necə ifadə olunması məsələsi olduqca həssas və məsuliyyətlidir. Təəssüf ki, həmin videoda əks olunan təqdimatın forması, zinət əşyasının nümayişkaranə şəkildə verilməsi və bunun ictimaiyyətə yayılması sadəcə şəxsi təşəkkür deyil, nümayiş xarakterli davranış təəssüratı yaradır. Bu isə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirə biləcək ciddi bir problemdir.

 

Son illərdə təhsildə formaca təmtəraqlı, məzmunca isə sual doğuran davranışların artması müşahidə olunur. Bu hal istər-istəməz suallar doğurur: müəllimə təşəkkür bu şəkildəmi olmalıdır? Bahalı və gözqamaşdırıcı hədiyyələr təqdim etmək, müəllimin dəyərini artırırmı, yoxsa cəmiyyətin ona olan etibarını və obyektiv yanaşmasını zədələyirmi? Müəllim nüfuzunun maddi göstəricilərlə ölçülməsi, uzunmüddətli perspektivdə təhsil sisteminin ən zərif dəyərlərini sıradan çıxara bilər. Təhsil sektoru nümayiş və təmtəraq yeri deyil, səmimiyyətin, zəhmətin və mənəvi nüfuzun formalaşdığı müstəvidir.

 

Valideynlərin müəllimə minnətdarlıq bildirməsi səmimi və simvolik jestlərlə ifadə olunmalıdır. Zinət əşyası və bu kimi hədiyyələr, birmənalı olaraq, digər valideynlər üzərində psixoloji təzyiq və qarşıdurma yarada bilər. Belə hadisələr gələcəkdə cəmiyyətdə “standart təşəkkür forması” kimi qəbul edilərək, yeni və zərərli bir sosial davranış modelinə çevrilə bilər. Bu isə müəllim və valideyn münasibətlərinə riyakarlıq və formalıq gətirə bilər.

 

Hadisənin məktəbdə yox, özəl bir məkanda baş verməsi məsuliyyəti aradan qaldırmır. Əgər təqdimat müəllimin peşə fəaliyyəti ilə əlaqələndirilir və bu, ictimai şəkildə nümayiş etdirilirsə, artıq burada yalnız şəxsi təşəkkürdən deyil, təhsilin ictimai dəyərlərinə zidd bir mesajın verilməsindən danışmaq mümkündür.

 

Bu səbəbdən mən, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyini və Regional Təhsil İdarəsini məsələyə aydın, prinsipial və izahedici mövqe bildirməyə çağırıram. Həmçinin müəllimlərimizi və valideynləri etik davranış kodeksinə uyğun davranmağa, təşəkkür və dəyərin forma ilə deyil, məzmunla ifadə olunmasının vacibliyini unutmamağa dəvət edirəm. Təhsil təkcə dərs deyənlərin deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətini daşıyan bir sahədir. Bu məsuliyyətlə davranmaq isə həm müəllim, həm valideyn, həm də təhsil idarəçiləri üçün ortaq borcdur.


Oxşar xəbərlər