Təhsil eksperti Əmrah Həsənli: İbtidai sinif şagirdi dahidir?!
Son vaxtlar repititorlara tələbat nəzərəçarpacaq dərəcədə artıb. Acınacaqlısı odur ki, fərdi hazırlıqlara müraciət edənlər arasında nəinki ali məktəbə hazırlaşanlar, hətta ibtidai sinif şagirdləri, birinci sinifdə oxuyanlar belə yer alır. Dərsliklərdə terminlərdən aşırı dərəcədə istifadə olunması, yaş səviyyəsinin nəzərə alınmaması ibtidai sinif şagirdlərinin qavrama qabiliyyətinin inkişafını əngəlləyir.
Kristal Tv- Redaktor.az-a istinadən məlumatına görə bu sözləri Təhsil eksperti Əmrah Həsənli qeyd edib.
Sözügedən siniflər üçün nəzərdə tutulan dərs vəsaitlərində mövzu davamlılığı yoxdur və sistemli şəkildə təqdim olunmur. İkincisi, yaş səviyyəsinə uyğun deyil. Dərsliklərdəki mövzular qarşısında yalnız ibtidai sinif şagirdləri deyil, eyni zamanda müəllimlər və valideynlər də çaşbaş qalır.
Mövzular arasında keçidlərin olmaması və ya uğursuz olması dərslikləri anlaşılmaz edir. Misal olaraq deyə bilərəm ki, bir tədris fənni üzrə dərsliklər belə iki hissəyə bölünür: 1-ci və 2-ci hissə. Buna görə də valideyn il ərzində bir fənnə görə bir deyil, iki ədəd iş dəftər almaq məcburiyyətində qalır.
Belə olan halda, valideyn birinci sinifdə oxuyan övladı üçün repititor axtarışına çıxır. Bütün bunlar onu göstərir ki, həmin dərsliklər ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmayıb.
Tərtibatçılar sanki uşaqların beyin inkişafına qarşı çıxırlar. Çünki dərsliklərdə beyin inkişafı qətiyyən gözlənilmir. Bu isə onu göstərir ki, müəlliflərin tanıdığı ibtidai sinif şagirdləri hər şeyi həll edə bilən dahilərdir.
Həmin kitabların müəlliflərini isə nə müəllimlər tanıyır, nə də təhsil ictimaiyyəti.
Bu və digər hallar keyfiyyətli təhsil sisteminin qurulmasına mane olur.
Qeyd edim ki, bir çox yayımlar var ki, maraqlı və sistemli şəkildə dərs vəsaitləri nəşr edirlər. O dərs vəsaitləri ki, bizim peşəkar ibtidai sinif müəllimlərimiz tərəfindən hazırlanır. Qurum müəllif tapmaqda çətinlik çəkirsə həmin ibtidai sinif müəllimlərinə müraciət etsinlər. Ən azından bəlkə bu problemləri həll etmiş olarıq.