Təhsilin inkişafına töhfə verən ənənəvi təhsil ocağı – Qasım Rzayev adına Hacallı kənd tam orta məktəbi

Təhsilin inkişafına töhfə verən ənənəvi təhsil ocağı – Qasım Rzayev adına Hacallı kənd tam orta məktəbi

Məktəbin direktoru Rüstəmova Mehriban Fəxrəddin qızı müsahibəsi zamanı bildirmişdir ki, təhsil cəmiyyətin inkişafında ən mühüm sahələrdən biridir və bu istiqamətdə dövlət tərəfindən göstərilən diqqət və qayğı danılmazdır. O qeyd etmişdir ki, təhsil sahəsində həyata keçirilən islahatlar, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və müəllimlərin peşəkarlığının artırılması istiqamətində görülən işlər ölkədə təhsilin keyfiyyətinin yüksəlməsinə böyük töhfə verir. Direktor həmçinin məktəblərə göstərilən diqqət və dəstəyə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə və Tovuz rayon Təhsil sektoruna minnətdarlığını ifadə edərək, həyata keçirilən düzgün strategiyanın və davamlı dəstəyin təhsil müəssisələrinin inkişafında mühüm rol oynadığını vurğulamışdır.
Qasım Rzayev adına Hacallı kənd tam orta ümumtəhsil məktəbi 1928-ci ildə fəaliyyətə başlamışdır və uzun illərdir ki, bölgədə təhsilin inkişafına mühüm töhfələr verir. Tarixi ənənələrə malik olan bu təhsil ocağı illər ərzində minlərlə şagirdin yetişməsində, onların cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasında mühüm rol oynamışdır.
Dövlətin təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq 2007-ci ildə məktəb üçün yeni, müasir tələblərə cavab verən bina tikilərək istifadəyə verilmişdir. 360 şagird yerlik olan bu bina şagirdlərin rahat və keyfiyyətli təhsil alması üçün bütün zəruri şəraitlə təmin olunmuşdur. Məktəbin maddi-texniki bazasının gücləndirilməsi, tədris mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər dövlətin təhsilə verdiyi böyük önəmin bariz nümunəsidir.
Hazırda bu təhsil müəssisəsində məktəbəhazırlıq qrupu da daxil olmaqla 484 nəfər şagird təhsil alaraq bilik və bacarıqlarını inkişaf etdirir. Məktəbin pedaqoji kollektivi şagirdlərin hərtərəfli inkişafı üçün böyük əzmlə çalışır, onların həm bilik səviyyəsinin yüksəldilməsi, həm də vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ardıcıl fəaliyyət göstərir.
Məktəbə 2007-ci ildən etibarən Rüstəmova Mehriban Fəxrəddin qızı rəhbərlik edir. Onun rəhbərliyi altında məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir.
2024–2025-ci tədris ilində məktəbi 33 nəfər şagird bitirmişdir. Onlardan 10 nəfəri respublikanın müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunaraq təhsillərini növbəti pillədə davam etdirmək hüququ qazanmışdır. Bu göstərici məktəbdə aparılan məqsədyönlü tədris prosesinin və müəllimlərin fədakar əməyinin nəticəsi kimi qiymətləndirilir.
2025–2026-cı tədris ilində isə məktəbi 46 nəfər şagirdin bitirməsi gözlənilir və onların təxminən 15–20 nəfərinin ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olacağı proqnozlaşdırılır.
Məktəbin şagirdləri hər il müxtəlif ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olaraq uğurlu nəticələr əldə edirlər. Məktəbin məzunları arasında yalnız ölkə daxilində deyil, eyni zamanda xarici ölkələrdə də uğurla fəaliyyət göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanan şəxslər vardır. Bu da məktəbin uzun illər ərzində formalaşdırdığı güclü təhsil ənənələrinin göstəricisidir.
Məktəbin müəllim kollektivi də peşəkarlığı ilə seçilir. Müəllimlər keçirilən sertifikasiya imtahanlarında yüksək nəticələr göstərərək öz bilik və bacarıqlarını bir daha təsdiq etmişlər. Bu isə məktəbdə tədris prosesinin keyfiyyətinə müsbət təsir göstərir.
Şagirdlər yalnız dərs prosesində deyil, müxtəlif Respublika Fənn Olimpiadalarında (RFO), idman yarışlarında və digər bilik müsabiqələrində də fəal iştirak edir və uğurlu nəticələr qazanaraq məktəbin adını layiqincə təmsil edirlər.
Havaların soyuq keçməsinə baxmayaraq, məktəb müasir istilik sistemi ilə təmin olunmuşdur və tədris prosesi üçün lazımi şərait yaradılmışdır. Məktəbdə sağlam və yüksək təhsil mühiti hökm sürür. Şagirdlər dərslərlə yanaşı müxtəlif bayram tədbirlərinə və məktəbdaxili fəaliyyətlərə də böyük həvəslə hazırlaşırlar.
Məktəbdə görülən bütün işlərdə dövlətin diqqət və qayğısı, eləcə də Qazax-Tovuz Regional Təhsil İdarəsinin və Tovuz rayon Təhsil sektorunun davamlı dəstəyi mühüm rol oynayır.
Çəkiliş üçün yaradılan şəraitə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyinə və Tovuz rayon Təhsil sektoruna təşəkkürümüzü bildiririk


Oxşar xəbərlər