Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

Kristal TV xəbər verir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat üzrə tempo turniri Tovuz rayonunda təşkil olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayon Təhsil Sektoru və uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında keçirilib. Turnir silsilə tədbirlər çərçivəsində həyata keçirilib və gənclərin şahmata marağının artırılmasını, onların intellektual inkişafının dəstəklənməsini hədəfləyib.

Açılış mərasimində əvvəlcə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Tovuz rayon Təhsil Sektorunun müdiri Aysel Quliyeva bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın memarıdır və onun müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Onun sözlərinə görə, Ulu Öndərin siyasi kursu ölkədə sabitliyin təmin olunmasına, sosial-iqtisadi inkişafın güclənməsinə və müxtəlif sahələrdə, o cümlədən idmanda mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradıb. Aysel Quliyeva vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik siyasəti Azərbaycanın hərtərəfli inkişafının əsasını qoyub və bu gün əldə olunan uğurlar həmin siyasətin məntiqi nəticəsidir.

Çıxışlarda həmçinin qeyd olunub ki, Heydər Əliyevin rəhbərliyi dövründə şahmatın inkişafına xüsusi diqqət göstərilib, bölgələrdə şahmat məktəbləri yaradılıb, gənc istedadların üzə çıxarılması və onların beynəlxalq arenada uğur qazanması üçün mühüm addımlar atılıb. Bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Turnirdə II qrup üzrə ümumilikdə 72 uşaq və yeniyetmə mübarizə aparıb. Gərgin və maraqlı keçən yarışın sonunda qaliblər kubok, diplom və medallarla təltif olunublar.

Sonda iştirakçılar xatirə şəkilləri çəkdiriblər və tədbir yekunlaşıb.


Oxşar xəbərlər