Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yerləşən M. Məhəmmədov adına tam orta ümumtəhsil məktəbi həm təhsil, həm də idman sahəsində qazandığı nailiyyətlərlə diqqət çəkməkdə davam edir. Məktəbdə rəhbərlik tərəfindən tətbiq olunan qaydalar, nizam-intizamın düzgün təşkili, şagird və müəllimlərə göstərilən diqqət və qayğı uğurların əsasını təşkil edir.
Məktəbdə yalnız şagirdlərin deyil, müəllimlərin də inkişafına xüsusi önəm verilir. Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş olaraq müəllimlər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual bilik yarışı təşkil olunmuşdur. Yarışın keçirilməsində məqsəd müəllimlərin dünyagörüşünü genişləndirmək, intellektual səviyyələrini artırmaq və kollektiv daxilində sağlam rəqabət mühiti formalaşdırmaq olmuşdur. Gərgin və maraqlı keçən yarışın nəticəsinə əsasən məktəbin müəllimlərdən ibarət komandası yüksək nəticə göstərərək II yerə layiq görülmüşdür.
Bununla yanaşı, məktəbin şagirdləri də idman sahəsində mühüm uğura imza atıblar. Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş qızlardan ibarət voleybol yarışı məktəb üçün xüsusi əhəmiyyət kəsb edib. Yarışda məktəbin qızlardan ibarət voleybol komandası yüksək oyun nümayiş etdirərək bütün rəqiblərini geridə qoyub və I yerə layiq görülüb.
Qeyd edək ki, bu cür uğurlar məktəbdə formalaşmış sağlam təhsil mühitinin, düzgün idarəetmənin və kollektivin birgə səylərinin nəticəsidir. Yuxarı Öysüzlü kənd məktəbi əldə etdiyi nailiyyətlərlə regionda nümunəvi təhsil ocaqlarından biri kimi öz mövqeyini daha da möhkəmləndirir.